Ukraynanın RAVLYK istehsalçısı “Leopard” tanklarının istehsalçısı ilə əməkdaşlığa başlayıb

2026/06/Ekran-1782535581.jpg
Oxunub: 202     08:47     27 İyun 2026    
Avropanın tank istehsalçısı KNDS Ukraynanın “Ukrainian Unmanned Technologies” (UUT) şirkəti ilə yerüstü robot sistemləri sahəsində əməkdaşlıq edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “KNDS France” məlumat yayıb.

Şirkət Avropa orduları üçün insansız quru platformalarının sənaye istehsalında iştirak etməyi planlaşdırdığını açıqlayıb. Əməkdaşlıq artıq KNDS Robotics sisteminin RAVLYK platformasına inteqrasiyası ilə praktik mərhələyə keçib.

İlk birgə işlərin nəticələrinə əsasən, tərəflər əməkdaşlığı davam etdirməyi və gələcək tərəfdaşlığın şərtlərini müəyyənləşdirməyi planlaşdırırlar. UUT şirkəti bildirib ki, KNDS-ə platformalar təqdim ediləcək, lakin əqli mülkiyyət hüquqları ötürülməyəcək.

Şirkət nümayəndəsinin sözlərinə görə, platformanı ya müstəqil, ya da KNDS ilə birlikdə proqramlaşdıracaqlar, KNDS isə öz silah sistemlərini həmin platformaya inteqrasiya edəcək.

Eurosatory 2026 sərgisində Ukrayna şirkəti RAVLYK sisteminin üçüncü nəsli olan UMP-3 modelini təqdim edib.

RAVLYK UMP-3 yerüstü robot sistemi 6×6 təkər formuluna malikdir. Platformanın faydalı yükdaşıma qabiliyyəti 500 kiloqramdır. Quraşdırılan modullardan asılı olaraq çəkisi 650-1040 kiloqram arasında dəyişir.

Platforma saatda 12 kilometrədək sürətlə hərəkət edə bilir. Sabit vəziyyətdə avtonom işləmə müddəti 72 saata çatır, bir enerji doldurulması ilə isə 25 kilometrdən çox məsafə qət edir. Bundan əlavə, RAVLYK UMP-3 platformasının tank əleyhinə silah sistemləri ilə təchiz edilə bilən variantı da hazırlanıb.

Həmçinin “Ukrainian Unmanned Technologies” və Fransanın “Haulotte” şirkəti RAVLYK insansız quru platformalarının birgə istehsalına başlamağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   RAVLYK   Leopard  


Bizi "telegram"da izləyin