Finlandiyada Avropanın ilk M270 YARS xidmət mərkəzi yaradılacaq

2026/06/Ekran-1782535009.jpg
Oxunub: 234     08:34     27 İyun 2026    
Finlandiyanın Tampere şəhərində “Insta” şirkətinin bazasında M270 yaylım atəşli reaktiv sistemi üçün texniki xidmət və dəstək mərkəzi yaradılacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “Lockheed Martin” şirkəti məlumat yayıb.

Müvafiq saziş Finlandiya Silahlı Qüvvələri, Finlandiyanın Insta texnologiya şirkəti və “Lockheed Martin” arasında imzalanıb.

Razılaşma ötən ilin dekabrında Finlandiya üçün nəzərdə tutulan 64 ədəd F-35A qırıcısından birincisinin təqdimatı zamanı “Lockheed Martin” və “Insta” arasında imzalanmış anlaşma memorandumunun davamı olaraq əldə edilib.

Finlandiyanın müdafiə naziri Antti Hyakkyanenin sözlərinə görə, ölkənin Avropada ilk YARS texniki xidmət və təmir mərkəzinə ev sahibliyi etməsi Finlandiyanın müdafiə sənayesinin yüksək peşəkarlığını nümayiş etdirir. O bildirib ki, F-35 proqramı çərçivəsində həyata keçirilən dolayı sənaye əməkdaşlığı yeni iş yerlərinin yaradılmasına və Finlandiyanın yüksək texnologiyalı müdafiə sənayesinin imkanlarının daha da inkişafına töhfə verəcək.

Yeni texniki mərkəz “Lockheed Martin”in Avropadakı müştərilər qarşısında öhdəliyini nümayiş etdirir və qitədə M270A2 və HIMARS operatorları üçün texniki xidmət imkanlarını genişləndirir. Layihə Finlandiyanın F-35 proqramı çərçivəsində həyata keçirilən dolayı sənaye əməkdaşlığının tərkib hissəsidir.

“Lockheed Martin Tactical Missiles” bölməsinin vitse-prezidenti və baş direktoru Qeyliya Kempbell bildirib ki, “Insta” ilə tərəfdaşlıq sayəsində Finlandiyada Avropanın ilk ixtisaslaşmış CFCS texniki xidmət mərkəzi yaradılır. Onun sözlərinə görə, bu obyekt M270A2 və HIMARS sistemlərinə dəstək imkanlarını artıracaq, təchizat zəncirinin etibarlılığını təmin edəcək, logistika və texniki xidmətlərin göstərilməsini sürətləndirəcək, həmçinin Finlandiya və NATO istifadəçilərinin atəşə nəzarət sistemlərinin daim hazır vəziyyətdə saxlanılmasına imkan verəcək.

Insta şirkəti bu il keçirilən “Eurosatory” sərgisində də Finlandiya Silahlı Qüvvələrinin strateji tərəfdaşı və dövlət qurumları üçün aparıcı kibertəhlükəsizlik xidmətləri təminatçısı kimi iştirak edib.

Finlandiyanın silahlanmasında olan M270A2 sistemləri 90 kilometrədək mənzilli GMLRS idarəolunan raketlərindən, 150 kilometrədək mənzilli ER-GMLRS raketlərindən, həmçinin 300 kilometrədək mənzilli ATACMS taktiki raketlərindən istifadə edə bilir.

Gələcəkdə sistem 499 kilometrədək ilkin mənzilə malik “Precision Strike Missile” raketlərini də tətbiq edə biləcək. Bu imkanlar komanda məntəqələri, logistika mərkəzləri və hava hücumundan müdafiə sistemləri kimi yüksək əhəmiyyətli hədəflərin məhv edilməsinə şərait yaradır.

Rusiya mənbələri artıq bu inkişafı ölkə üçün təhlükə kimi qiymətləndiriblər. Hazırda Ukraynanın silahlanmasında ABŞ istehsalı olan M270 sistemləri ilə yanaşı, Almaniyanın MARS II və Fransanın LRU versiyaları da mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Avropa   M270  


Bizi "telegram"da izləyin