Almaniyanın “Tytan Technologies” şirkəti önləyici PUA istehsalı üçün yeni zavod açacaq

2026/06/Ekran-1782534796.jpg
Oxunub: 244     08:31     27 İyun 2026    
Almaniyanın Münhen şəhərində yerləşən “Tytan Technologies” şirkəti Pilotsuz Uçuş Aparatı (PUA) əleyhinə sistemlərə artan tələbat fonunda ölkədə yeni istehsal müəssisəsini istifadəyə verməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “DefenseNews” məlumat yayıb.

Şirkətin yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, aylıq istehsal gücü 3 min avtonom önləyici PUA təşkil edəcək yeni zavodda istehsala cari ilin avqust ayında başlanacaq.

Şirkətin əsas məhsulu olan TYTAN “Interceptor” düşmən PUA-larını yüksək sürətlə aşkar edir, izləyir və minimum insan müdaxiləsi ilə zərərsizləşdirir.

İstehsalçı bildirir ki, şirkətin məqsədi Avropanın hava hücumundan müdafiə sistemində mövcud boşluqları aradan qaldırmaq və qabaqcıl, döyüş şəraitində sınaqdan çıxmış texnologiyalar vasitəsilə demokratik ölkələrin dayanıqlığını artırmaqdır.

“Tytan Technologies” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Balaj Naq deyib ki, şirkətin önləyici PUA-ları Ukraynada geniş istifadə olunur. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu sistemlərdən hava təhdidlərinə qarşı xərc baxımından səmərəli, effektiv və istifadəsi asan vasitə kimi yararlanır.

O bildirib ki, şirkət uçuş zamanı düşmən PUA-larını məhv etmək üçün nəzərdə tutulmuş avtonom PUA əleyhinə sistemlər hazırlayır və istehsal edir. Naq bunu mürəkkəb və baha başa gələn avadanlıqlardan sadə, genişmiqyaslı istehsal edilə bilən platformalara və yüksək səviyyəli proqram təminatına keçid kimi qiymətləndirib.

Şirkət vurğulayıb ki, bu sistemlərin döyüş şəraitində istifadəsindən əldə olunan təcrübə onların konstruksiyasına, sistem arxitekturasına və istehsal hazırlığına birbaşa təsir göstərib.

TYTAN “Interceptor” saatda 250 kilometrədək sürət yığa, 15 kilometr məsafədə fəaliyyət göstərə, 5 kiloqram kütlə ilə 1 kiloqrama qədər faydalı yük daşıya bilir.

“Tytan Technologies” süni zəka ilə idarə olunan avtonom önləyici PUA ailəsini təqdim edir. Onların arasında NATO təsnifatına görə I sinfinə məxsus PUA-lara qarşı nəzərdə tutulmuş qısamənzilli EOS multikopteri və NATO təsnifatına görə II sinfinə məxsus PUA-ları məhv etmək üçün hazırlanmış uzunmənzilli METIS sabitqanadlı platforması yer alır.

Şirkət cari ilin aprel ayında Ukrayna Milli Qvardiyasının sifarişi ilə 1000-dən çox METIS önləyici PUA istehsal edib.

TYTAN “Interceptor” ilk dəfə 2024-cü ildə Ukraynada döyüş şəraitində uğurla sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Tytan-Technologies   PUA  


Bizi "telegram"da izləyin