Ordu.az xəbər verir ki, bu barədə iranlı politoloq Puya Hüseyni “News.am”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri yaxşı anlayır ki, danışıqlar uğursuz olarsa, hərbi əməliyyatlar yenidən başlaya bilər.
“İranın silahlı qüvvələri çox yaxşı anlayır ki, əgər danışıqlar uğursuz olsa, hərbi əməliyyatlar yenidən başlaya bilər. İranlı hərbçilər danışıqları aparanlara ölkənin maraqlarını əminliklə irəli aparmağa çağırış ediblər və lazım gələrsə, müharibəni davam etdirməyə hazır olduqlarını bildiriblər”, - deyə Hüseyni qeyd edib.
O bildirib ki, ABŞ danışıqlarda müharibə yolu ilə əldə edə bilmədiyini qazanmağa çalışır. Ekspertin fikrincə, Tehranın mövqeləri kifayət qədər güclüdür və buna görə də İran ABŞ-nin şərtlərini rədd edib, çünki birtərəfli danışıqlar mümkün deyil.
Hüseyni vurğulayıb ki, Vaşinqton indiyədək İranla diktə mövqeyindən danışmağa çalışır, halbuki yalnız qarşılıqlı güzəşt variantı işlək ola bilər. Əks halda, müharibədən çıxış yolu tapmaq getdikcə daha da çətinləşəcək.
Ekspert ehtimal edib ki, ABŞ İranın adalarını və ya sahilyanı ərazilərini ələ keçirməyə çalışaraq quru əməliyyatı həyata keçirmək, bununla da təzyiq göstərmək və Hörmüz boğazının açılmasına nail olmaq istəyə bilər. Lakin onun sözlərinə görə, həmin qüvvələr orada uzun müddət qala bilməyəcək, çünki İranın birbaşa hücumlarının hədəfinə çevriləcəklər.
“Tramp bir gecədə bütöv bir sivilizasiyanı məhv etməyə hazır olduğunu deyirsə, İran düşmənlərini belə fikirlərdən çəkindirmək üçün nüvə silahı yaratmaq barədə düşünə bilər. İranı belə addıma məcbur edə bilərlər”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az