Cəmi iki gün əvvəl ABŞ və İsrail İranı hədəfə almışdı, lakin bundan dərhal sonra ABŞ Küveytdə yerləşən bazasında pilotsuz uçuş aparatı hücumu nəticəsində altı hərbçisini itirdi. Bu, 2021-ci ildən etibarən ABŞ qüvvələrinə qarşı ən ölümcül hücum idi. Təxminən 60 hərbçi ciddi təhlükə altında qaldı. Hadisədən bir ay sonra sağ qalanlar ABŞ müharibə naziri Pit Heqsetin təqdim etdiyi rəsmi versiyanı təkzib etdilər. Onların sözlərinə görə, əslində onlar müdafiəsiz və hazırlıqsız vəziyyətdə idilər.
Küveytin Şuayba limanına İranın hücumundan sonra baş verənlərin əksəriyyəti məxfi saxlanılıb. Bir neçə gün sonra Heqset bildirmişdi ki, “kiçik bir pilotsuz aparat” Küveytdəki “möhkəmləndirilmiş baza”nın müdafiəsini keçərək ciddi zərər vurub. Lakin sağ qalan hərbçilər bunu köhnə hərbi baza adlandıraraq onun hava hücumlarından qorunmaq üçün heç bir real imkanının olmadığını dedilər.
“Bir aparat keçə bildi” kimi təqdim edilən təsvir həqiqətə uyğun deyil. Bölmə özünü müdafiə etmək üçün hazır deyildi. Bu, möhkəmləndirilmiş mövqe deyildi”, - deyə yaralanmış əsgərlərdən biri “CBS News”a bildirib.
Hərbçilər açıq hədəf vəziyyətində olsalar da, böhrana tez reaksiya verərək daha böyük itkilərin qarşısını aldılar. “Bu əsgərlər özlərini təhlükəyə atdılar... Mən onlarla qürur duyuram”, - deyə qeyd olunub.
Həmin gün nə baş verdi? Vəziyyət necə inkişaf etdi?
Hərbçilər 103-cü təminat komandanlığının üzvləri idi. ABŞ-nin İrana hücumundan bir həftə əvvəl Tramp administrasiyası Küveytdə yerləşən hərbçilərin əksəriyyətini İordaniya və Səudiyyə Ərəbistanındakı bazalara köçürmüşdü. Bu bazalar İran raketlərinin təsir dairəsindən daha uzaqda idi.
Əsgərlərə 30 gün ərzində geri qayıdacaqları bildirilmiş və şəxsi əşyalarının əksəriyyətini geridə qoymaları istənilmişdi. Bu, ABŞ-nin İranı 3-4 həftə ərzində məğlub edəcəyinə olan inamını göstərirdi. Lakin İran gözləniləndən daha davamlı oldu. Müharibə 40 gün davam etdi və yalnız bundan sonra tərəflər iki həftəlik atəşkəsə razılaşdılar.

Əksər hərbçilər təhlükəsiz bazalara köçürülsə də, 103-cü təminat komandanlığının təxminən 60 nəfərlik heyəti Küveytin cənubunda yerləşən Şuayba limanındakı kiçik hərbi məntəqəyə göndərildi.
Onların vəzifəsi Yaxın Şərq üzrə sursat, texnika və şəxsi heyətin hərəkətinin idarə olunması idi.
“Biz İranın daha yaxınında, təhlükəli və əvvəlcədən məlum hədəf olan əraziyə yerləşdirildik... Bunun üçün heç vaxt aydın izah verilmədi”, - deyə digər əsgər bildirib.
Taktiki əməliyyat mərkəzi pilotsuz uçuş aparatlarının geniş yayılmasından əvvəl tikilmişdi. Bazada yalnız raket və minaatan hücumlarına qarşı nəzərdə tutulmuş dəmir-beton maneələr var idi, lakin yuxarıdan gələn hücumlara qarşı heç bir qorunma yox idi.
“Bu, klassik köhnə hərbi bazadır... bunker baxımından mümkün olan ən zəif səviyyədə idi”, - deyə bir əsgər xatırlayıb. “Bir neçə kiçik maneə... müvəqqəti ofislər üçün metal konstruksiyalar”, - deyə o əlavə edib.
Başqa bir əsgər bildirib ki, ABŞ kəşfiyyatı bu bazanın İranın potensial hədəfləri siyahısında olduğunu əvvəlcədən bilirdi.
“Filmlərdə gördüyünüz kimi”
Həqiqətən də belə oldu. Martın 2-də yaxınlaşan raketlər aşkar edilərkən siqnallar səsləndi. Heyət beton bunkerdə gizləndi. Ballistik raket onların üzərindən keçdi. Bir neçə dəqiqə sonra təhlükə siqnalı ləğv edildi və əsgərlər rahat nəfəs alaraq işlərinə qayıtdılar.
Lakin 30 dəqiqə sonra yer titrədi. Hər yer toz içində idi. “Bu, filmlərdə gördüyünüz kimidir. Qulaqlarınız zəng çalır, hər şey bulanıq görünür, başınız gicəllənir”, - deyə bir əsgər bildirib.
Bu, İranın “Shahed” pilotsuz uçuş aparatlarından birinin bazanın mərkəzinə birbaşa düşməsi idi. Hücumdan sonra vəziyyət xaotik idi, bir əsgər hər yerdə qan gördüyünü deyib.
“Baş yaraları, güclü qanaxma, çoxlu deşilmiş qulaq pərdələri... insanlar qarın nahiyəsindən, qollardan, ayaqlardan qan axıdırdı”, - deyə o bildirib.
Pilotsuz uçuş aparatı hücumu nəticəsində altı ABŞ hərbçisi həlak oldu. Hadisədən saatlar sonra çəkilmiş görüntülərdə qalın tüstü göyə qalxırdı. Bazanın divarları partlayış nəticəsində qaralmış və çölə doğru dağılmışdı. Bəzi hissələr binadan qopmuşdu.
“Bu bazanın möhkəmləndirilməsi səviyyəsini “heç biri” kimi qiymətləndirərdim”, - deyə bir əsgər bildirib.
Başqa bir əsgər qeyd edib ki, bazada hələ də aşkar olunmamış və çıxarılmamış hərbçilərin qalma ehtimalı yüksəkdir. “Bu anda hələ də orada kimliyi müəyyən edilməmiş və çıxarılmamış əsgərlərin olduğunu bilirəm”, - deyə o bildirib.
Nəticədə “CBS News”a danışan bütün sağ qalanlar bir məsələdə həmfikir olub, bu hücumun qarşısını almaq mümkün idi.
Lakin Tramp administrasiyası bildirib ki, hərbçilərin qorunması üçün bütün mümkün tədbirlər görülüb. “Obyekt 6 fut hündürlüyündə divarlarla möhkəmləndirilmişdi. Hazırda Yaxın Şərqdə dünyanın ən geniş hava hücumundan müdafiə sistemi mövcuddur”, - deyə ABŞ müharibə nazirinin müavini Şon Parnell “CBS News”a cavab olaraq bildirib.
Sevinc Əliyeva
Ordu.az