Hindistanın “InsideFPV” şirkəti yüzlərlə kamikadze PUA-sı sistemi təhvil verib

2026/04/1775925142.jpg
Oxunub: 375     20:29     11 Aprel 2026    
Hindistanda yerləşən “InsideFPV” ölkənin Müdafiə Nazirliyi üçün imzaladığı 100 milyon rupi (1,2 milyon dollar) dəyərində müqaviləni tamamlayaraq yüzlərlə kamikadze pilotsuz uçuş aparatı sistemi təhvil verib.

Ordu.az xəbər verir ki, sözügedən müqavilə təcili əməliyyat ehtiyaclarının sürətlə qarşılanmasını nəzərdə tutan “Emergency Procurement Route” (Təcili Təchizat Mexanizmi) çərçivəsində verilib.

Şirkət təhvilin cəmi 60 gün ərzində həyata keçirildiyini açıqlayıb.

Çətin coğrafiyalar üçün uyğun dizayn

“InsideFPV” tərəfindən hazırlanmış kamikadze pilotsuz uçuş aparatlarının:

yüksək hündürlükdə,
səhra şəraitində,
mürəkkəb relyef quruluşlarında


effektiv şəkildə fəaliyyət göstərə bildiyi bildirilib.

Şirkətin baş direktoru Arth Çoudhari sistemlərin xüsusilə Hindistanın çətin əməliyyat bölgələri nəzərə alınaraq hazırlandığını qeyd edərək bildirib: “Gəzən sursat” və FPV sistemlərimiz Hindistanın ən sərt yerləşmə mühitləri üçün xüsusi olaraq hazırlanıb”.

Paylaşılan texniki göstəricilərə görə, sistemlər

-35 ilə +50 dərəcə temperatur aralığında işləyə bilir,
GPS siqnalının qarışdırıldığı və ya GPS olmayan mühitdə fəaliyyət göstərə bilir.


Müasir müharibənin yüksələn elementi

Şirkətə görə, bu müqavilə son münaqişələrdə “gəzən sursat”ların getdikcə daha geniş istifadə olunmasının birbaşa nəticəsidir.

“Gəzən sursat” pilotsuz uçuş aparatları artıq müasir döyüş meydanında

qısa mənzilli dəqiq zərbə,
real vaxt rejimində kəşfiyyat-müşahidə,
aşağı maliyyətli hədəf məhvi


kimi tapşırıqlarda geniş istifadə olunur.

Hindistan istehsal gücünü artırır

Təhvil Yeni Dehli rəhbərliyinin yerli müdafiə sənayesi istehsalını sürətləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Hindistan son dövrdə xüsusilə sürətlə istehsal oluna bilən və miqyaslana bilən pilotsuz uçuş aparatı və pilotsuz sistemlərə üstünlük verir.

Bu çərçivədə “InsideFPV”

istehsal gücünü artırır,
təxminən 1860 kvadratmetr sahəyə malik yeni müəssisəyə köçür,
gələcək sifarişlər üçün təhvil müddətlərini azaltmağı hədəfləyir.


Yeni nəsil sistemlər hazırlanır

Şirkət eyni zamanda yeni imkanlar üzərində də işləyir. Hazırlanmaqda olan sistemlər arasında

Önləyici pilotsuz uçuş aparatları,
sürü imkanına malik pilotsuz sistemlər,
siqnalın qarışdırıldığı və GPS olmayan mühitlər üçün naviqasiya həlləri yer alır.


Hindistan ordusu genişmiqyaslı pilotsuz uçuş aparatı transformasiyasına hazırlaşır

Bu inkişaflar Hindistan ordusunun yaxın zamanda açıqladığı və gələcək

pilotsuz uçuş sistemləri,
“gəzən sursat”lar,
avtonom döyüş həlləri


üzrə ehtiyacları müəyyən edən texnologiya yol xəritəsi ilə də uyğunluq təşkil edir.

Rəsmilər bildirir ki, sözügedən planlaşdırma əməliyyat ehtiyacları ilə texnologiya inkişafı proseslərini daha uyğun hala gətirməyi, həmçinin yerli sənaye, startaplar və akademik qurumların müdafiə ekosisteminə iştirakını artırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   InsideFPV   PUA  


Bizi "telegram"da izləyin