“Türkiyə müdafiə sənayesi dünyada ilk 5 ölkə sırasına daxil olub” - Mehmet Fatih Kacır (ƏTRAFLI)

2026/04/1775924841.jpg
Oxunub: 423     20:24     11 Aprel 2026    
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyə müdafiə sənayesinin müharibə paradiqmasını dəyişən bir çox istiqamətdə dünyada ilk 5 ölkə sırasına daxil olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Kacır Sakaryanın Sapanca rayonunda keçirilən Beynəlxalq İqtisadiyyat Zirvəsində (UEZ 2026) çıxışı zamanı qlobal proseslərə toxunub.

Kacır bildirib ki, Türkiyə qlobal ticarətdəki payını 0,55 faizdən 1,07 faizə, yəni iki dəfə artırmağa, qlobal istehsal əlavə dəyərindəki payını isə 0,69 faizdən 1,38 faizə çatdırmağa nail olub. O deyib: “Türkiyə 2002-ci ildə cəmi 41 milyard dollar emal sənayesi əlavə dəyəri istehsal edə bilmişdi. Ötən il Türkiyə sənayesi 246 milyard dollar əlavə dəyər yaradıb. 2002-ci ildən 2025-ci ilə qədər 23 il keçdi, dünya çox dəyişdi. Amma əgər biz dünyanın sürəti ilə hərəkət etsəydik, yalnız 123 milyard dollar sənaye əlavə dəyəri istehsal edə bilərdik. Yəni ortaya qoyduğumuz daha yüksək nəticə sayəsində bunun düz iki qatı olan 246 milyard dollar emal sənayesi əlavə dəyəri istehsal etməyə nail olduq”.

Kacır sektorların ixrac qabiliyyətinə diqqət çəkərək, hərbi pilotsuz uçuş aparatı bazarının qlobal səviyyədə üçdə ikisinin Türkiyə şirkətlərinin əlində olduğunu vurğulayıb. Türkiyənin bir çox istiqamətlər üzrə Avropada ilk 5 istehsalçı ölkə arasında yer aldığını bildirən Kacır növbəti dövrdə atılacaq addımlarla istehsal imkanlarını daha da yüksək səviyyəyə çatdırmağı hədəflədiklərini söyləyib.

Avropanın ən böyük sənaye ölkələrinin hələ də pandemiyadan əvvəlki istehsal səviyyəsindən xeyli geri qaldığını bildirən Kacır deyib: “Fransada istehsal səviyyəsi pandemiyadan əvvəlki, 2020-ci ilin yanvar ayındakı göstəricidən hələ də 3 faiz aşağıdır. İtaliyada bu göstərici 5,4 faiz aşağıdır. Almaniyada istehsal səviyyəsi 2020-ci ilin yanvar ayı, yəni bugündən 6 il əvvəlki göstəricidən hələ də 11,8 faiz geri qalır. Türkiyədə isə sənaye istehsalı səviyyəsi 2020-ci ilin yanvarı, yəni pandemiyadan əvvəlki dövrlə müqayisədə 31 faiz yuxarıdır”.

“Çindən sonra rəqabət gücü ən sürətlə artan ixracatçı ölkəyik”

Kacır vurğulayıb ki, Türkiyə qurduğu güclü sənaye infrastrukturu, əldə etdiyi istehsal imkanları, texnologiya, elmi-tədqiqat və təcrübə-konstruktor işləri, innovasiya ekosistemindəki dinamizm və sahibkarlar sayəsində pandemiya dövrünün və ondan sonrakı mərhələnin qalib ölkələrindən biri olmağı bacarıb. O bildirib ki, bu hekayədə texnologiya səviyyəsində qazanılan nailiyyətlərin böyük payı var. Ötən il 112 milyard dollar həcmində yüksək və orta-yüksək texnologiyalı məhsul ixrac edildiyini qeyd edən Kacır belə davam edib:

“2025-ci il ixrac göstəricilərimizə baxdıqda, yüksək texnologiyalı məhsullarda 12,5 faiz, orta-yüksək texnologiyalı məhsullarda isə 10,6 faiz artım əldə etdiyimizi görürük. Son 5 ilə baxdıqda, Türkiyənin ixracdakı artımının tamamilə yüksək və orta-yüksək texnologiyalı məhsullardan gəldiyini də deyə bilərik. Türkiyənin məhsul portfeli çox genişlənib, rəqabətli şəkildə ixrac etdiyimiz məhsulların sayı xeyli artıb. Lakin bundan əlavə, malik olduğumuz coğrafi mövqeyi, düzgün logistika investisiyalarını, bağlantılılıq addımlarını effektiv şəkildə qiymətləndirməyi bacardıq və rəqabətli şəkildə ixrac etdiyimiz ölkələrin sayını 30 il əvvəlki göstəricinin iki qatından da yüksək səviyyəyə çatdırdıq. Türkiyə Çindən sonra Avropanın mərkəzinə qədər uzanan geniş coğrafi zolaqda rəqabət gücü ən sürətlə artan ixracatçı ölkə oldu”.

“Milli gəlirin 1,5 faizini elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə ayırmışıq”

Kacır bildirib ki, milli gəlirin 1,5 faizi elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə ayrılıb və bu göstərici Avropanın aparıcı sənaye ölkələri ilə bənzər səviyyədədir. O qeyd edib ki, tədqiqat və inkişaf işlərinə ayrılan vəsait 20 milyard dollara çatıb.

Türkiyə özəl sektorunun hər il təxminən 14 milyard dollar həcmində tədqiqat və inkişaf yatırımı etdiyini bildirən Kacır eyni zamanda 1 il ərzində patent müraciətlərinin sayının 11 mini keçdiyini və 114 texnoparkda 12 min 800-dən çox texnologiya təşəbbüsünün elmi-tədqiqat və təcrübə-konstruktor işləri və innovasiya yönümlü fəaliyyətlərini davam etdirdiyini bildirib. Bu uğur hekayəsində oxşar ölkələrdən fərqləndirən əsas amillərdən birinin müdafiə sənayesi olduğunu vurğulayan Kacır sözlərini belə davam etdirib:

“23 il əvvələ qayıtdıqda görürük ki, Türkiyədə bütün müdafiə və aviasiya sektorumuz ildə 1 milyard dollarlıq iqtisadi həcmə malik idi. İndi isə Türkiyə müdafiə və aviasiya sektoru ildə 20 milyard dollardan artıq satış gəliri əldə edir. İxracatımız 248 milyon dollardan 10 milyard dolların üzərinə çıxıb. Türkiyə müdafiə və aviasiya ixracatında dünyada 11-ci yerə yüksəlib. Hazırda Türkiyə müdafiə sənayesi tərəfindən 1400-dən çox elmi-tədqiqat və təcrübə-konstruktor işi layihəsi icra olunur və təxminən 150 milyard dollarlıq müqavilə həcmi ilə əslində gələcək 20 ili hədəfləyən baxışla müdafiə və aviasiya sektoru böyüməsini davam etdirir”.

“Müdafiə və aviasiya sektorundakı uğurlar qızıl boşqabda təqdim olunmadı”

Kacır bildirib ki, bu yol Türkiyə üçün asan olmayıb və müdafiə ilə aviasiya sektorunda qazanılan uğurlar başqaları tərəfindən hazır şəkildə təqdim edilməyib. Türkiyənin bütün alt sistemləri nüvə texnologiyalarına qədər çox vaxt öz imkanları ilə inkişaf etdirdiyini deyən Kacır qeyd edib:

“Bu, əlbəttə, layihələrimizin müddətini bəlkə uzatdı, bəlkə xərclərimizi artırdı, lakin nəticədə bizə elə bir qabiliyyət qazandırdı ki, indi Türkiyə müdafiə sənayesi müharibə paradiqmasını dəyişən bir çox istiqamətdə dünyada ilk 5 ölkə sırasına daxil olub. Bütün bu çətinliklər əslində yeni nəsil müdafiə sənayesi texnologiyalarında Türkiyənin bir çox oxşar ölkənin təkbaşına malik olmadığı bir qabiliyyət səviyyəsinə çatmasını təmin etdi. Hədəfimiz bir tərəfdən müdafiə sənayesində bu yolu güclü şəkildə davam etdirmək, 1400-dən çox layihəni uğurla başa çatdırmaq istiqamətində səyləri sürdürmək, digər tərəfdən isə bütün bu imkan və qabiliyyətləri sənayenin digər sahələri ilə daha qarşılıqlı əlaqəli hala gətirməkdir”.

“Böyük həcmli investisiyalar güclü şəkildə dəstəklənir”

Kacır Sapancada keçirilən Beynəlxalq İqtisadiyyat Zirvəsində (UEZ 2026) çıxışında yüksək texnologiya yatırımlarını daha güclü şəkildə təşviq etdiklərini, Mərkəzi Bank ilə birlikdə İnvestisiys Öhdəlikli Avans Krediti proqramını başlatdıqlarını və proqramın həcminin 500 milyard lirə olduğunu bildirib. O qeyd edib ki, indiyədək bu proqram çərçivəsində 77 layihəni dəstəkləyiblər və layihələrin ümumi həcmi 400 milyard lirədən çoxdur.

HIT-30 proqramına toxunan Kacır bildirib ki, bu çərçivədə 2030-cu ilə qədər 30 milyard dollar dövlət dəstəyi nəzərdə tutulan mobillik, sağlam həyat, rəqəmsal texnologiyalar, rabitə, kosmos, yaşıl enerji və yarımkeçiricilər kimi istiqamətlərdə Türkiyədə həyata keçiriləcək böyük həcmli yatırımlar güclü şəkildə dəstəklənir.

“2026-cı il Türkiyənin nüvə enerjisindən yararlanmağa başladığı il olacaq”

Kacır naviqasiya infrastrukturunun və xəritə proqramlarının yerli imkanlarla inkişaf etdirildiyinə diqqət çəkərək, ilin sonuna qədər yerli tətbiqlərin istifadə olunduğu səviyyəyə çatmağı hədəflədiklərini bildirib.

Yerli nüvə reaktoru inkişaf etdirmə layihəsinin mülki sahədə atdıqları ən strateji addımlardan biri olduğunu bildirən Kacır Türkiyənin nüvə enerjisi hekayəsini xatırladıb. Türkiyənin bu sahədə mühüm addımı Akkuyu Layihəsi ilə atdığını qeyd edən Kacır deyib: “2026-cı il Türkiyənin nüvə enerjisindən yararlanmağa başladığı il olacaq və onun ardınca da “Akkuyu”nun ikinci, üçüncü, dördüncü mərhələləri, inşallah, tikiləcək və yenə ikinci, üçüncü böyük nüvə elektrik stansiyası layihələrini, inşallah, Türkiyə həyata keçirəcək”.

Kacır bildirib ki, Türkiyə 2030-cu ilə qədər öz nüvə modul reaktorunu inkişaf etdirmək üçün proqram həyata keçirir və bununla da öz nüvə enerjisini istehsal edə bilən ölkəyə çevrilmək yolunda çox kritik addım atılmış olacaq.

“Türkiyə sənayesinin növbəti 30 illik böyümə xəritəsini hazırladıq”

Texnologiya Həmləsi Proqramının təşviq sisteminin əsas elementlərindən biri olduğunu bildirən Kacır bu günədək 216 layihəni dəstəklədiklərini və təxminən 200 milyard lirə investisiya həcminə malik olan bu layihələr tamamlandıqda, ticarət balansına ildə 12 milyard dollar töhfə verəcəyini vurğulayıb.

Kacır yerli inkişaf həmləsinə də toxunaraq bildirib ki, kənd təsərrüfatı, heyvandarlıq, turizm, səhiyyə, mədənçilik kimi müxtəlif sahələrdəki imkanların dəyərləndirilməsi və inkişaf səviyyəsi daha yüksək olan şəhərlərdə yaradıcı sənayelər kimi istiqamətlərdə yeni yatırımların təşviq edilməsi ilə 81 vilayətin bütövlükdə inkişafını hədəfləyirlər.

Ötən il elan etdikləri yeni təşviq sistemində hər bir layihəyə 301 milyon lirəyə qədər maliyyə dəstəyi verdiklərini xatırladan Kacır birbaşa qrant dəstəklərini tətbiq etdiklərini bildirib. Sosial-iqtisadi inkişaf səviyyəsi daha geridə olan şəhərlərdə məşğulluğu prioritet saymağa davam etdiklərini qeyd edən Kacır 24 şəhərdə həyata keçirilən investisiyalarda işçilərin sığorta haqlarını 14 ilə qədər nazirlik olaraq qarşıladıqlarını bildirib. Nəqliyyat, dəmir yolu və liman yatırımlarında bir çox göstəricini nəzərə alaraq Türkiyə sənayesinin növbəti 30 illik böyümə xəritəsini hazırladıqlarını bildirən Kacır Türkiyənin təxminən 160 min hektar planlı sənaye sahəsinə malik olduğunu qeyd edib.

“Terminal İstanbul”un kiçik bir mərhələsini iyunda açacağıq”

Kacır KOSGEB vasitəsilə son dövrdə kiçik və orta biznes subyektlərinə çox güclü dəstəklər verməyə başladıqlarını bildirərək deyib: “Son 2 ildə 115 min kiçik və orta biznes subyektinin təxminən 64 milyard lirə güzəştli maliyyəyə çıxışını mümkün etdik. Türkiyədə qurulan yeni təşəbbüslərə təqdim etdiyimiz dəstəkləri bir neçə dəfə artırdıq. Son 2 ildə 40 minə yaxın sahibkara təxminən 3,5 milyard lirə həcmində vəsait ayırdıq”.

Sənayenin son dövrdə sərt pul siyasəti səbəbindən maliyyəyə çıxışda yaşaya biləcəyi çətinlikləri azaltmaq üçün başqa proqramları da tətbiq etdiklərini bildirən Kacır 15 bankın iştirakı ilə 100 milyard lirəlik seçici kredit proqramı elan etdiklərini, bütün sənaye sahələrində 33 faiz xərc göstəricisi ilə 6 ay ödənişsiz, 3 ilə qədər uzanan müddətlərlə maliyyə imkanlarını sənayeçilərə təqdim etdiklərini və gələcək dövrdə bu imkanları daha da şaxələndirəcəklərini bildirib.

Kacır Atatürk Hava Limanının terminal binalarını “Terminal İstanbul” markası ilə dünyanın ən böyük texnologiya sahibkarlığı mərkəzinə çevirdiklərini bildirərək deyib: “Kiçik bir mərhələni, inşallah, mayın sonunda tamamlayacağıq, iyunda açacağıq. İnşallah, bir il sonra “Terminal İstanbul” layihəsinin 50 faizini tamamlayaraq istifadəyə vermiş olacağıq, iki il ərzində isə Atatürk Hava Limanının bütün terminal binalarını əsasən inkubasiya və sürətləndirmə proqramlarının tətbiq olunacağı Türkiyənin ən böyük texnoparkına və eyni zamanda dünyanın ən böyük texnologiya sahibkarlığı mərkəzinə çevirmiş olacağıq”.

Texnologiya təşəbbüsləri üçün investisiya həcminin çox vacib olduğunu vurğulayan Kacır qeyd edib ki, əvvəlki dövrdə illik orta hesabla 100-150 milyon dollar həcmində sahibkarlıq sərmayəsi yatırımı həyata keçirilirdisə, son 5 ildə Türkiyədə texnologiya təşəbbüslərinə yönələn investisiyaların orta həcmi ildə 1,1 milyard dollara yüksəlib.

“Hibrid raket texnologiyasında Türkiyə dünyada ilk 4 ölkə arasındadır”

Kacır Somalidə inşa etdikləri Türkiyə Kosmik Limanına toxunaraq işlərin başladığını və tikinti mərhələsinə keçildiyini, ilk mərhələ tamamlandıqda limanın xidmət göstərməyə başlayacağını bildirib.

Bəzi texnologiyalarda malik olduqları xüsusi imkanlarla yeni fürsətlər yaratmağı hədəflədiklərini vurğulayan Kacır belə davam edib:

“Hibrid raket texnologiyasında Türkiyə dünyada ilk 4 ölkə arasındadır. Əgər bu texnologiyanı kosmosda fərqli tətbiqlərdə dəyərləndirə bilsək, bu texnologiyaya tarixçə qazandıra bilsək, peyklərin orbitlərarası transferini təmin edəcək kosmik vasitələri rəqabətli şəkildə istehsal edə və dünyaya sata bilərik. Həm bu vasitələri, həm də bu xidmətləri sata bilərik. Burada strateji qazanclarla yanaşı, iqtisadi baxımdan da böyük dəyər var. Kosmos iqtisadiyyatı ildə 1 trilyon dollara yaxınlaşacaq. Türkiyənin bu sahədə iddialı oyunçu olması üçün başqalarının etdiklərindən fərqli işlər görməsi və yeni texnologiyalarda fərq yaratması lazımdır”.

Kacır süni zəka strategiyası ilə bağlı son yenilikləri də bölüşərək deyib: “2030 Süni Zəka Strategiyamızı, inşallah, iyunda ictimaiyyətlə paylaşacağıq. Cəmiyyətin də bu prosesə qatılması üçün çağırış etmişdik və dünən həmin çağırışımız başa çatdı, çox böyük maraq gördü. Minlərlə fikir, layihə paylaşıldı. Onları da effektiv şəkildə qiymətləndirəcəyik və Türkiyənin yeni süni zəka yol xəritəsini infrastruktur, insan resursu, sahəvi tətbiq perspektivi, xüsusi böyük dil modelləri kimi istiqamətləri əhatə edəcək şəkildə, xüsusilə süni zəka təşəbbüslərini daha güclü dəstəkləyəcəyimiz yeni fond strukturlarını da ictimaiyyətlə paylaşaraq elan edəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kacır  


Bizi "telegram"da izləyin