Bu ayın əvvəlində Yaxın Şərqdə baş verən münaqişə zamanı Bəhreynə məxsus F-16 qırıcı təyyarəsi bu təyyarənin “Block 70/72” versiyası üçün ilk “hava-hava” məhvetmə nəticəsini əldə edib.
Bəhreyn dünyaca məşhur F-16 “Viper” təyyarəsinin ən yeni “Block 70” versiyası ilə ilk “hava-hava” qələbələrini qazanıb və bu ayın əvvəlində Yaxın Şərqdəki münaqişə zamanı iki İran pilotsuz uçuş aparatını vurub. Bu hadisə dünya üzrə hava qüvvələrinin artan pilotsuz uçuş aparatı təhdidi ilə mübarizə apardığı və “Viper”in təkmilləşdirilmiş versiyasına marağın yüksək olaraq qaldığı bir vaxta təsadüf edir.
“Lockheed Martin” şirkəti sosial şəbəkədə Bəhreyn Kral Hərbi Hava Qüvvələrinə məxsus F-16D “Block 70” təyyarəsinin fotosu ilə paylaşım edərək bildirib: “Döyüşdə sınaqdan keçib. İki düşmən pilotsuz uçuş aparatı məhv edilib”.

Başqa bir paylaşımda isə “Lockheed Martin” “Aviation Week” nəşrinin bu hadisə ilə bağlı daha ətraflı məlumat təqdim edən məqaləsinə istinad edib.
Aprelin 1-də Bəhreyn Kral Hərbi Hava Qüvvələrinə məxsus F-16 yerüstü hava hücumundan müdafiə sistemlərini keçə bilmiş iki İran pilotsuz uçuş aparatını səhər tezdən vurub. Bu, belə hallarda pilotlu qırıcıların çevikliyi və sürətli reaksiya qabiliyyətini göstərir.
Pilot pilotsuz uçuş aparatlarını məhv etmək üçün AIM-120 orta mənzilli “hava-hava” raketi və AIM-9X “Sidewinder” raketindən istifadə edib. Pilotsuz uçuş aparatlarına qarşı mübarizədə pilot həmçinin daxili 30 mm-lik M61 “Vulcan” avtomatik topundan da istifadə edə bilər, lakin aşağı sürətlə uçan pilotsuz aparatları top atəşi ilə vurmaq olduqca çətin hesab olunur.
Qeyd etmək lazımdır ki, aşağı qiymətli pilotsuz uçuş aparatlarının raketlərlə vurulması hədəf ilə istifadə olunan vasitə arasında böyük xərc fərqi ilə bağlı narahatlıqlar yaradır. Məsələn, AMRAAM raketinin son versiyaları təxminən 1 milyon dollar, AIM-9X “Sidewinder” raketləri isə təxminən 450 min dollar dəyərindədir. ABŞ Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrində tətbiq olunmağa başlayan “hava-hava” optimallaşdırılmış lazer idarə olunan raketlər bu xərcləri əhəmiyyətli dərəcədə azalda bilər, lakin bu imkan hələ ilkin mərhələdədir və çox az sayda F-16 operatoru bu sistemlə təchiz olunub.
Bəhreyn Kral Hərbi Hava Qüvvələrinə məxsus ilk F-16 “Block 70” təyyarəsi martın 28-də ABŞ-nin Kaliforniya ştatındakı “Edvards” Hərbi Hava Bazasında yerə enib. Təyyarə təhvil verilməzdən əvvəl 412-ci sınaq qanadının 416-cı uçuş sınaq eskadrilyası tərəfindən sınaqlardan keçiriləcək.
Hər halda, F-16-nın “Block 70” versiyası pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün xüsusilə yaxşı təchiz olunub.
Onun “Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən AN/APG-83 radarı həm də “Scalable Agile Beam Radar” (SABR) kimi tanınır və aktiv fazalı antena massivinə (AESA) malikdir. Bu isə onu pilotsuz uçuş aparatları və qanadlı raketlərə qarşı mübarizədə xüsusilə effektiv edir. Bu tip hədəflər adətən aşağı hündürlükdə uçur və kiçik ölçüləri, radara görünmə sahəsinin azlığı və zəif infraqırmızı izi səbəbindən ənənəvi mexaniki skan edən radarlar üçün aşkar edilməsi çətin olur.
Təyyarələr həmçinin AN/AAQ-33 “Sniper” hədəfləmə konteyneri daşıyır ki, bu da hava təhdidlərini aşkar etmək və identifikasiya etmək üçün istifadə oluna bilər.

Münaqişə fevralın 28-də başladıqdan sonra Bəhreyn İranın raket və pilotsuz uçuş aparatlarının davamlı hücumlarına məruz qalıb.
Bəhreyn Müdafiə Qüvvələrinin məlumatına görə, münaqişənin başlanmasından bu həftənin əvvəlində elan olunan müvəqqəti atəşkəsə qədər ölkəyə yönəlmiş 194 raket və 515 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
F-16 “Block 70” ilə ilk “hava-hava” qələbəsini əldə edən ölkə kimi Bəhreyn həm də bu versiyanın ilk sifarişçisi olub. 2019-cu ildə 16 ədəd sifariş verilib və ilk təyyarələr 2024-cü ildə Bəhreyndə yerləşən “İsa” Hərbi Hava Bazasına çatdırılıb.
Qeyd etmək lazımdır ki, hava hücumundan müdafiə ilə yanaşı, Bəhreynə məxsus “Block 70” təyyarələri hücum əməliyyatları üçün də geniş imkanlara malikdir.
ABŞ-də keçirilən silah sınaqları zamanı bu təyyarələrin 500 funtluq sinfə məxsus JDAM idarə olunan bombalar, o cümlədən GBU-54/B lazer idarə olunan JDAM bombaları daşıdığı müşahidə olunub.
ABŞ hökuməti həmçinin bu təyyarələrin silahlandırılması üçün Bəhreynə AGM-84 “Harpoon” gəmi əleyhinə raketləri, AGM-88 HARM radiasiya əleyhinə raketləri, AGM-154 JSOW bombaları, GBU-39/B kiçik diametrli bombaları, 2000 funtluq JDAM bombalarını və “Paveway” seriyalı idarə olunan bombaları da əhatə edən geniş silah paketinin satışını təsdiqləyib.
Bəhreyn Kral Hərbi Hava Qüvvələri son döyüş əməliyyatları ilə bağlı əlavə məlumat açıqlamasa da, “Block 70” versiyasının bu qüvvələrin imkanlarında mühüm rol oynadığı aydındır.
Yeni “Viper” təyyarələri Bəhreynin 1990-cı illərdə əldə etdiyi “Block 40” versiyaları ilə müqayisədə xeyli daha güclüdür.

“Peace Crown I” və “Peace Crown II” xarici hərbi satış proqramları çərçivəsində Bəhreyn iki mərhələdə 22 ədəd F-16C/D “Block 40” təyyarəsi əldə edib və onların bir hissəsi bu gün də xidmətdə qalır.
AESA radar və qabaqcıl silahlarla yanaşı, “Block 70” versiyası 12 min saatlıq resursa malik gövdə, geniş rəqəmsal displeylərlə təchiz olunmuş kokpit, əlavə yanacaq çənləri və təkmilləşdirilmiş missiya kompüterləri kimi yeniliklərlə əvvəlki F-16 modellərindən fərqlənir.
Bəhreyn sifariş verdikdən sonra daha beş ölkə də Block 70 versiyasını seçib və ümumilikdə 148 təyyarəlik sifariş formalaşıb. Bu təyyarələr Texas ştatının Fort-Uort şəhərindən istehsalın köçürülməsindən sonra Cənubi Karolinadakı Qrinvill şəhərində yerləşən yeni montaj xəttində istehsal olunur.
Son illərdə “Block 70” versiyasına tələbatın artması F-16 proqramına yeni nəfəs verib. Bu təyyarənin İran pilotsuz uçuş aparatlarına qarşı hava döyüşündə sınaqdan keçməsi isə “Viper” tarixində növbəti mühüm mərhələ hesab olunur.
Sevinc Əliyeva
Ordu.az