İndoneziya daha dörd A400M hərbi təyyarəsinin alınması ilə bağlı yekun qərar vermədiyini açıqlayıb

2026/03/Ekran-1774702510.jpg
Oxunub: 389     17:40     11 Aprel 2026    
İndoneziya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə “Airbus” şirkətinin A400M hərbi nəqliyyat təyyarələri parkını genişləndirməklə bağlı hələ yekun qərar qəbul etməyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İndoneziya artıq iki A400M təyyarəsinə malikdir, ikinci təyyarə isə cəmi bir neçə həftə əvvəl təhvil verilib. Cakarta daha yüksək hava nəqliyyatı imkanları əldə etmək üçün əlavə dörd A400M almağı nəzərdən keçirir. İndoneziya Hərbi Hava Qüvvələri bildirib ki, onlar Müdafiə Nazirliyinin qərarını gözləyirlər, lakin ölkə bu planı həyata keçirsə, “hazır olacaqlar”.

“Müdafiə Nazirliyimiz hələ də strateji nəqliyyat təyyarələrinin alınmasını araşdırır və qiymətləndirir”, - deyə Müdafiə Nazirliyinin sözçüsü Riko Rikardo Sirait cümə günü axşam “Jakarta Globe”un satınalma planı ilə bağlı sualına cavab verib.

O etiraf edib ki, əvvəlki əməliyyatlar, o cümlədən son təbii fəlakətə cavab tədbirləri göstərib ki, arxipelaq dövlət olan İndoneziya şəxsi heyət və logistika daşımaları imkanlarını artırmalıdır. Ölkənin ilk A400M təyyarəsi, onun ən böyük hərbi nəqliyyat təyyarəsi noyabrın sonlarında daşqından zərər çəkmiş Sumatraya yardım çatdırmaq üçün ilk humanitar missiyasını yerinə yetirib.

“Lakin biz hansı tip təyyarəni seçəcəyimiz, həmçinin əlavə A400M-lərin alınması ehtimalı ilə bağlı hələ yekun qərar verməmişik. Biz hələ də müdafiənin inkişaf prioritetlərinə əsasən büdcə planlaması və düzəlişləri həyata keçiririk”, - deyə Riko bildirib.

Avropanın aviasiya nəhəngi “Airbus” tərəfindən hazırlanan A400M 37 tona qədər ağır yük daşıya bilir. O, qoşunları və texnikanı uzaq və ya asfaltlanmamış eniş zolaqlarına çatdırmaq qabiliyyətinə malikdir.

İlk A400M noyabrın əvvəlində İndoneziyaya endikdə Prezident Prabovo Subianto bildirmişdi ki, onun ölkəsi “əlavə dörd ədədin alınması ilə bağlı danışıqlara başlaya bilər”.

Keçmiş ordu generalı olan Prabovo silahların modernləşdirilməsi istiqamətində fəal siyasət yürüdür. 2026-cı ildə onun hökuməti müdafiə büdcəsi üçün 337 trilyon rupi, təxminən 19,7 milyard dollar ayırıb. Prabovo administrasiyasının bağladığı əsas müdafiə razılaşmalarından biri Türkiyə istehsalı KAAN qırıcı təyyarələrinin 48 ədədinin alınmasına dair müqavilə olub.

İndoneziya 2021-ci ildə, Prabovo müdafiə naziri olduğu vaxt iki A400M üçün müqavilə imzalayıb. O, həmin vaxt gələcəkdə daha dörd ədədin alınması üçün niyyət məktubu da imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   A400M  


Bizi "telegram"da izləyin