Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Lakin sistemlər ilkin mərhələdə məhdud tapşırıq imkanları ilə əməliyyat vəziyyətində olacaq.
“Ottawa Citizen” tərəfindən araşdırılan açıq sənədlərə görə, pilotsuz uçuş aparatları başlanğıcda yalnız ölkə daxilində əsas ISR, yəni kəşfiyyat, müşahidə və tanıma tapşırıqlarını yerinə yetirəcək. Platformalar bu mərhələdə silahlı olmayacaq, radioelektron qarışdırma və ya rabitənin pozulması imkanına da malik olmayacaq.
Bundan əlavə, sistemlər ilkin planlaşdırmada nəzərdə tutulan fasiləsiz 24 saatlıq tapşırıq örtüyünü də başlanğıc mərhələdə təmin edə bilməyəcək.
Kanada Müdafiə Nazirliyi 11 ədəd MQ-9-un ilk təhvilinin qrafikə uyğun davam etdiyini və tam əməliyyat imkanlarının 2030-2033-cü illər dövründə əldə edilməsinin hədəfləndiyini təsdiqləyib.
CQ-9B “SkyGuardian” adı ilə xidmət göstərəcək
Şimali Amerika ölkəsi “General Atomics” istehsalı olan MQ-9 uzaqdan idarə olunan hava vasitələrinin tədarükünü 2023-cü il dekabrın etibarən təsdiqləmişdi.
İnventara daxil olduqdan sonra platformalar CQ-9B SkyGuardian adlandırılacaq və həm ölkə daxilində, həm də xaricdə uzun müddət havada qalma xüsusiyyətinə malik taktiki və humanitar tapşırıqlarda istifadə olunacaq.
Ayrı bir daxili brifinq sənədinə görə, gələcək konfiqurasiyalarda pilotsuz uçuş aparatlarının 113 kq və 227 kq sinfinə məxsus sursat daşıya biləcək şəkildə silahlandırılması planlaşdırılır.
İki əsas bazadan fəaliyyət göstərəcək
Hər bir hava vasitəsinin təxminən 12 metr uzunluğunda olacağı və “Honeywell” istehsalı olan turboprop mühərriklə təchiz ediləcəyi bildirilib.
Platformaların texniki xüsusiyyətləri aşağıdakı kimi açıqlanıb:
Maksimal sürət: 483 km/saat
Xidmət tavanı: 13 106 metr
Mənzil: 11 112 kilometr
Kanadanın MQ-9 parkı Yeni Şotlandiyadakı “14 Wing Greenwood” və Britaniya Kolumbiyasındakı “19 Wing Comox” bazalarından fəaliyyət göstərəcək. Tapşırıqlara nəzarət isə Ottavada yaradılacaq yeni əməliyyat mərkəzindən həyata keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az