İsveç Ukraynaya müasir “Tridon Mk2” hava hücumundan müdafiə sistemləri verəcək

2026/04/1775760905.jpg
Oxunub: 468     22:46     09 Aprel 2026    
Ukraynanın Müdafiə Qüvvələri “Shahed” tipli pilotsuz uçuş aparatları və digər hava təhdidlərinə qarşı mübarizədə istifadə ediləcək qabaqcıl “Tridon Mk2” sistemlərini alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “UATV English” məlumat yayıb.

Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, İsveç bu sistemlərin alınması üçün 400 milyon avro ayıracaq və bu məbləğ fevral ayında elan edilmiş 1,2 milyard avroluq yeni hərbi yardım paketinin təxminən üçdə birini təşkil edir.

Nazirliyin məlumatına görə, “Tridon Mk2” 2024-cü ildə təqdim edilmiş mobil orta mənzilli hava hücumundan müdafiə sistemidir və gecə-gündüz, bütün hava şəraitində fəaliyyət göstərə bilir. Onun üstünlüklərindən biri hər atış üçün nisbətən aşağı xərcə malik olmasıdır.

Sistem 40 mm çaplı avtomatik “Bofors 40 Mk4” topu ilə təchiz olunub və 12 kilometrə qədər məsafədə hədəfləri məhv edə bilir, atəş sürəti isə dəqiqədə 300 mərmiyə qədər çatır. Sistem eyni zamanda atəş sürətini dəqiqədə 200 mərmiyə qədər azaldaraq sursatın qənaətlə istifadəsini təmin edə bilir.

“Tridon Mk2” proqramlaşdırılan hava partlayışlı sursatlardan istifadə edir ki, bu da hədəfə çatmazdan əvvəl partlayaraq qəlpə buludu yaradır və pilotsuz uçuş aparatlarına və qanadlı raketlərə qarşı effektivliyi əhəmiyyətli dərəcədə artırır.

Sistem “BvS 10” kimi tırtıllı zirehli bütün relyefli nəqliyyat vasitələrinə və ya “Scania” yük avtomobillərinə quraşdırıla bilər. O, hidravlik ötürücülərdən istifadə edən sistemlərdən fərqli olaraq elektrik ötürücüləri ilə təchiz olunub ki, bu da müxtəlif platformalara asan inteqrasiyanı təmin edir.

İsveç istehsalı olan “Tridon Mk2” yüksək effektivliyi, geniş tətbiq imkanları və nisbətən aşağı istismar xərclərini birləşdirən çoxfunksiyalı hava hücumundan müdafiə sistemidir. O, eyni zamanda zərbə və kəşfiyyat pilotsuz uçuş aparatları, təyyarələr, helikopterlər və qanadlı raketlər daxil olmaqla bir neçə təhdidə qarşı mübarizə apara bilir.

Daha əvvəl bildirildiyi kimi, İsveç hökuməti həmçinin 2026-cı il üçün Ukraynaya təxminən 240 milyon İsveç kronu (təxminən 25,7 milyon dollar) dəyərində yeni dəstək paketi təqdim edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin