Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.
Rutte çərşənbə günü Vaşinqtonda Trampla görüşüb, bu görüş İranla bağlı müharibə fonunda alyans daxilində gərginliyin artdığı bir vaxta təsadüf edib.
“NATO-nun baş katibi Vaşinqtondakı müzakirələri ilə bağlı müttəfiqlərlə əlaqə saxlayır”, - deyə NATO nümayəndəsi Allison Hart bildirib. O, həmçinin qeyd edib: “Aydındır ki, ABŞ Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün konkret öhdəliklər və addımlar gözləyir.”
ABŞ prezidenti son həftələrdə NATO-nu dəfələrlə “kağız pələng” adlandırıb və 32 üzvü olan transatlantik hərbi alyansı tərk etməklə hədələyib. O, Vaşinqtonun avropalı müttəfiqlərinin İranla bağlı ABŞ-İsrail bombardman kampaniyasına kifayət qədər dəstək vermədiyini iddia edib.
Diplomatlardan biri bildirib: “Vaşinqtondakı narazılığı qeyd edirik, lakin onlar nə bu müharibə başlamazdan əvvəl, nə də ondan sonra müttəfiqlərlə məsləhətləşməyiblər. NATO bütövlükdə İranla müharibədə iştirak etməyəcək, lakin müttəfiqlər Hörmüz boğazı ilə bağlı uzunmüddətli həll yolları tapmaqda faydalı olmaq istəyirlər. İranla davam edən danışıqlar fonunda bu, faydalı ola bilər”.
Tramp çərşənbə axşamı İrana qarşı hücumların iki həftəlik atəşkəs çərçivəsində dayandırılacağını bildirsə də, münaqişənin nəticələri münasibətlərdə gərginliyi davam etdirir.
“Biz Hörmüzdəki vəziyyəti izləməyə davam edirik. ABŞ-nin öz mövqeyində israr etdiyini anlayırıq və bilirik ki, Rutte bu müzakirədə faydalı olmaq üçün uyğun mövqe tutmağa çalışır. Gələcəkdə düzgün addımlar atmağa və lazım gələrsə konkret tədbirlər görməyə hazırıq. Lakin məsələ ABŞ-ni razı salmaq deyil, düzgün şərait yaratmaqdır”, - deyə avropalı diplomat qeyd edib.
Sevinc Əliyeva
Ordu.az