Avropanın ən döyüşə hazır ölkəsinə doğru: Ukrayna müharibədən necə dəyişərək çıxır?

2026/04/1775754983.jpg
Oxunub: 859     21:17     09 Aprel 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski bir həftə ərzində Fars körfəzi ərəb ölkələrinə, Türkiyəyə və Suriyaya səfər edib. Qərb mənbələrinin məlumatına görə, Ukrayna “artıq Liviya ilə həmin ölkədə hərbi bazalar yaratmaq barədə razılaşma imzalayıb”. Kiyev həmçinin “Yaxın Şərq ölkələrindən birində kosmik obyekt tikməyi” planlaşdırır. Bu məlumatlar müəyyən dərəcədə təbliğat xarakterli və bəzi hallarda “şişirdilmiş” ola bilər.

Lakin reallıq ondan ibarətdir ki, Ukrayna artıq bir neçə Avropa ölkəsində zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarının və raketlərin istehsalına başlayıb. Ukrayna pilotsuz uçuş aparatları ötən həftə ərzində Leninqrad vilayətinin və Krasnodar diyarının limanlarına “ciddi narahatlıq yaradıb”, Qara dənizdə isə növbəti Rusiya hərbi gəmisi məhv edilib. Qərb mediasının məlumatına görə, Ukrayna “yaxın gələcəkdə ABŞ-nin qısa mənzilli raketlərinin analoqunun kütləvi istehsalına başlayacaq”.

Ukraynaya qarşı müharibənin məqsədi “NATO-nun genişlənməsinin və Avrointeqrasiyanın qarşısını almaq idi”. Faktiki olaraq, bu gün Ukraynanın NATO-ya formal üzvlüyə ehtiyacı yoxdur. Alyansa üzv olan Avropanın nüfuzlu ölkələri ilə Kiyev artıq təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq müqavilələri imzalayıb və əldə olunmuş razılaşmalar mərhələli şəkildə icra olunur. Üstəlik, Ukrayna artıq Fars körfəzi və Yaxın Şərqə “daxil olur”.

Qərb ekspertlərinin qiymətləndirməsinə görə, NATO üzvü olan Avropa ölkələrinin kəşfiyyat məlumatlarına əsasən, ilin əvvəlindən etibarən Rusiya “hər ay Ukrayna müharibəsində itkilər və yaralılar baxımından itirdiyindən daha az sayda hərbçi cəlb edir”. Buna görə də Ukraynaya qarşı “inandırıcı qələbə əldə etmək üçün Rusiya ən azı bir milyon yarım hərbçini səfərbər etməlidir”.

Kremlə yaxın mənbələr bildirir ki, “ümumi səfərbərlik elan edilməsi məsələsi bir neçə dəfə müzakirə olunsa da, hələ yekun qərar qəbul edilməyib”. Bəzi məlumatlara görə, Dağıstanda baş verən daşqınlar Şimali Qafqazın muxtar respublikalarında “narazılıq dalğası yaradıb”. Vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş fəaliyyətlərdə Ukrayna təbliğat vasitələri də iştirak edir. Onlar guya “Dağıstan könüllüləri ittifaqının fəaliyyət göstərdiyini” və “Mahaçqala və Dərbənd şəhərlərini su altında qoymaq üçün bəndləri partlatdığını” iddia edirlər.

Hətta bu məlumatlar “tamamilə əsassız təbliğat” olsa belə, bu, mahiyyəti dəyişmir. Ukrayna Rusiya ilə müharibəni bütün cəbhələrdə, o cümlədən Rusiya daxilində aparır. Faktiki olaraq beş ildir davam edən müharibə Rusiyaya triumfal qələbə qazandırmayıb və buna nail olmaq üçün real perspektiv də yoxdur. Əvəzində isə güclü Ukrayna formalaşır və möhkəmlənir ki, bu da Avropanın bəlkə də ən döyüş qabiliyyətli ölkəsidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin