“Çağrı Bey” dərin dəniz qazma gəmisi Somaliyə çatıb

2026/04/1775737013.jpg
Oxunub: 462     16:18     09 Aprel 2026    
Türkiyənin enerji və təbii Sərvətlər naziri Alparslan Bayraktar “Çağrı Bey” dərin dəniz qazma gəmisinin Somaliyə çatdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Nazir Bayraktar sosial media hesabında paylaşımında qeyd edib: “Həm Türkiyənin, həm də Somalinin enerji tarixində yeni səhifə açırıq. Sərhədlərimizi aşan ilk xarici dərin dəniz qazma əməliyyatımız üçün “Bismillah” deyirik”.

“Çağrı Bey” Somali ərazisində Türkiyənin ilk xarici dərin dəniz kəşfiyyat qazmasını həyata keçirmək üçün fevralın 15-də Mersin Taşucu limanından yola düşüb.

Gəmi Aralıq dənizini tam keçərək Cəbəllütariq boğazından Atlantik okeanına çıxıb. Daha sonra Qərbi Afrika sahillərini izləyərək Ümid burnunu keçib və planlaşdırılan 53 günlük səfərdən sonra Somaliyə çatıb.

“Çağrı Bey” Somali dilində ailədə doğulan ilk uşaq mənasını verən “Curad” sözündən adlandırılan və Moqadişudan 372 kilometr açıqda yerləşən CURAD-1 quyusunda fəaliyyət göstərəcək.

Gəmi 3 495 metr su dərinliyində, dəniz dibindən isə əlavə 4 005 metr qazma apararaq ümumilikdə 7 500 metr dərinliyə çatacaq. CURAD-1 quyusunun bu göstərici ilə dünyanın ikinci ən dərin dəniz quyusu olması planlaşdırılır.

Qazma işlərinin 288 gün davam edəcəyi gözlənilir.

2024-cü ildə Cənubi Koreyada inşa edilərək Türkiyənin enerji donanmasına daxil edilən “Çağrı Bey” dərin dənizdə 12 000 metrə qədər qazma qabiliyyətinə malikdir.

“7-ci nəsil ultra dərin dəniz qazma gəmisi” kimi tanınan gəmi 228 metr uzunluğa, 114 metr hündürlüyə və 42 metr enə malikdir. Helikopter meydançası olan gəmi 200 nəfərlik yaşayış sahəsi təmin edir.

Qazma işlərinin ümumilikdə 288 gün davam etməsi planlaşdırılır. “Çağrı Bey”ə enerji parkına daxil olan “Altan”, “Korkut” və “Sancar” dəstək gəmiləri də müşayiət edəcək. Bundan əlavə, təhlükəsiz fəaliyyət üçün TCG “Sancaktar”, TCG “Gökova” və TCG “Bafra” gəmilərindən ibarət donanma elementləri də dəstək verəcək.

Bundan başqa, qazma işlərində “Çağrı Bey”də 180, dəstək gəmilərində 60 və quru xidmətlərində 10 nəfər olmaqla ümumilikdə 500 sahə əməkdaşı növbəli şəkildə çalışacaq.

“Çağrı Bey” Moqadişu limanında mərasimlə qarşılanacaq

“Çağrı Bey” üçün sabah Moqadişu limanında qarşılama mərasimi keçiriləcək. Mərasimdə nazir Bayraktar ilə yanaşı Somali Prezidenti Hasan Şeyx Mahmud, neft və mədən resursları naziri Dahir Shire Mohamed və limanlar və dəniz nəqliyyatı naziri Abdulkadir Mohamed Nur iştirak edəcək.

Qarşılama mərasimindən sonra gəmi fəaliyyət göstərəcəyi CURAD-1 quyusuna doğru hərəkət edəcək. Moqadişudan 372 kilometr açıqda yerləşən quyu nöqtəsinə çatmasının 1-2 gün çəkəcəyi gözlənilir. Gəmi quyu nöqtəsinə çatdıqdan sonra mövqelənmə prosesi həyata keçiriləcək. Mövqelənmə tamamlandıqdan sonra qazma prosesi ilə bağlı müxtəlif testlər aparılacaq.

Somalidəki işlər “Oruç Reis” seysmik tədqiqat gəmisinin 234 gün ərzində bölgədə apardığı araşdırmalar əsasında formalaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2024-cü il oktyabrın 5-də İstanbul boğazından Somaliyə yola salınan “Oruç Reis” bu müddətdə Somalidə üç ayrı dəniz blokunda ümumilikdə 4 464 kvadrat kilometrlik ərazidə məlumat toplayıb. Toplanan məlumatların təhlili və qiymətləndirilməsindən sonra müəyyən edilmiş nöqtədə qazma işlərinin aparılmasına qərar verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çağrı-Bey   Somali  


Bizi "telegram"da izləyin