Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Mənbələr bildirir ki, Tramp administrasiyası həftələr boyu İslamabada təzyiq göstərib, məqsəd isə iranlıları hərbi əməliyyatların dayandırılmasına razı salmaq və Hörmüz boğazını blokadadan çıxarmaq olub.
“Pakistanın əsas rolu müsəlman çoxluğa malik qonşu və vasitəçi kimi Tehranı atəşkəsin zəruriliyinə inandırmaq idi.
Asim Munirin vasitəçilik səyləri sayəsində iki həftəlik atəşkəsə nail olmaq mümkün olub. Diqqətçəkən məqam odur ki, razılaşma Trampın Tehranın onun şərtlərini qəbul etməyəcəyi halda İran sivilizasiyasını tamamilə məhv etməklə hədələdiyi sərt bəyanatından sonra əldə olunub.
Beş məlumatlı mənbənin sözlərinə görə, Tramp neft qiymətlərinin kəskin artımından narahat olduğu və İranın davamlılığına təəccübləndiyi üçün hələ martın 21-dən etibarən atəşkəsə nail olmağın yollarını axtarırdı. Həmin gün o, ilk dəfə İranın elektrik stansiyalarını “məhv etməklə” hədələmişdi”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, özünün müəyyən etdiyi son tarix ərəfəsində Munir ABŞ-nin yüksək vəzifəli rəsmiləri, o cümlədən Tramp, vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiv Uitkoff ilə bir sıra telefon danışıqları aparıb.
“ABŞ və Pakistan hesab edirdi ki, İran ABŞ tərəfindən dəstəklənən təklifi, əgər bu təklif bütün münaqişə boyu neytrallığını vurğulayan müsəlman çoxluğa malik qonşu dövlət tərəfindən təqdim olunarsa, qəbul etməyə daha meyilli olacaq.
Baş nazir Şehbaz Şərif iki həftəlik atəşkəs təklifi barədə sosial şəbəkələrdə Munir və İranın xarici işlər naziri Abbas Əraqçi arasında baş tutan söhbətdən sonra açıqlama verib. Trampın boğazı açmaqla bağlı ilk ultimatumunu irəli sürməsindən qısa müddət sonra Munir və Pakistanın digər yüksək vəzifəli rəsmiləri iranlı siyasi və hərbi xadimlərlə Ağ Ev arasında mesajlar ötürməyə başlayıblar.
Onlar İslamabadı sülh sammitinin keçirilməsi üçün məkan kimi təklif ediblər, ABŞ tərəfindən hazırlanmış 15 bəndlik təklifi, daha sonra isə İranın cavab olaraq təqdim etdiyi 5 və 10 bəndlik təklifləri çatdırıblar, həmçinin 45 gündən iki həftəyədək davam edən müxtəlif atəşkəs variantlarını təqdim ediblər. Tərəflərin tələbləri arasında fikir ayrılıqları hələ də qalırdı, lakin zaman keçdikcə İran uran ehtiyatlarına məhdudiyyətlərin qəbul edilməsinə daha meyilli olmağa başlayıb. Bu barədə bölgədən olan iki diplomat məlumat verib.
ABŞ və İsrail tərəfindən həftələrlə davam edən intensiv bombardmanlardan sonra Əraqçi və Tehranın digər siyasi liderləri bir neçə gün əvvəl Hörmüzdə müvəqqəti atəşkəsin tətbiqinə prinsipial razılıq veriblər. Lakin onlar üçün İslam İnqilabı Keşikçiləri Korpusunun yekun razılığını almaq çətin olub”, - deyə məqalədə qeyd edilib.
Nəşrin məlumatına görə, çərşənbə axşamı İranın pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanının Cübeyl neft-kimya mərkəzinə zərbə endirib ki, pakistanlı rəsmilərdən birinin sözlərinə görə, bu, “danışıqları pozmaq üçün son cəhd” olub.
“Keçən il Ər-Riyadla qarşılıqlı müdafiə paktı imzalamış İslamabad buna sərt reaksiya verərək İrana anlatdı ki, bu cür zərbələr sülh səylərini məhv edə və Tehranı tam təcrid vəziyyətində qoya bilər.
Çərşənbə günü günortadan sonra Şəriflə telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkian təsdiqləyib ki, İran danışıqlar üçün İslamabada nümayəndələr göndərəcək. Qeyri-rəsmi məsləhətləşmələrdə iştirak edən pakistanlı diplomatların biri ümid etdiyini bildirib ki, sülh danışıqlarında Əraqçi və parlament sədri Məhəmməd Qalibafla birlikdə Vens, Uitkof və “İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli nümayəndəsi” də iştirak edəcək.
Eyni zamanda, İsrail ilə İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşması arasında döyüşlər davam edir. Belə ki, israilli rəsmilər Livanın atəşkəs sazişindən kənarda qaldığını bəyan ediblər. İslamabadda şübhələr var ki, İİKK-nin bəzi qruplaşmaları atəşkəs rejimini pozmaq məqsədilə Fars körfəzi obyektlərinə zərbələri davam etdirə bilər”, - deyə nəşr bildirib.
Məqalədə vurğulanıb ki, Munirlə telefon danışığı zamanı Əraqçi feldmarşala təşəkkür edib, lakin “İsrail tərəfindən İranda və Livanda atəşkəsin pozulmasını” qeyd edib.
“İki pakistanlı rəsmisinin bildirdiyinə görə, Pakistanın İranın 10 bəndlik təklifinin bəzi komponentləri, xüsusilə İranın boğaza nəzarət və gömrük rüsumları toplamaq hüququ barədə müddəalarla bağlı da qeyd-şərtləri var. Vəziyyətə bələd olan mənbələrdən biri bildirib ki, Çin də vəziyyətin həllinə kömək edib. Belə ki, ötən həftə Pakistanla birlikdə beş bəndlik proqram elan etməsi İran üzərində boğazı açmaq üçün təzyiq göstərilməsinə yardım edib.
Bununla belə, Pekinin çərşənbə axşamı son anda əldə olunmuş razılaşmanın qəbul etdirilməsi məqsədilə Tehrana təzyiq göstərdiyinə dair açıq sübutlar yoxdur. AFP agentliyinin Çinin atəşkəsə nail olunması üçün Tehrana təzyiq göstərib-göstərmədiyi barədə sualına Tramp “Eşitmişəm ki, bəli” cavabını verib. Lakin ABŞ heç bir məlumat təqdim etməyib”, - deyə nəşr bildirib.
Sevinc Əliyeva
Ordu.az