Ordu.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 2027-ci maliyyə ili ilə bağlı büdcə layihəsini açıqlayaraq NASA-nın maliyyələşdirilməsində diqqətçəkən ixtisar təklif edib.
Açıqlama agentliyin 50 ildən artıq müddətdən sonra ilk insanlı Ay missiyasını başlatmasından cəmi iki gün sonra verilib. Ağ Evin planına görə, NASA-nın büdcəsi 23 faiz azaldılacaq.
Yeni büdcə layihəsi ABŞ Konqresində aylarla davam edəcək müzakirə prosesinin başlanğıcını təşkil edir. ABŞ Nümayəndələr Palatası və Senat öz büdcə layihələrini hazırlayıb uzlaşdırdıqdan sonra yekun mətn Prezidentin təsdiqinə təqdim olunacaq. 2027-ci maliyyə ili isə oktyabrın 1-dən başlayacaq.
Ağ Ev NASA üçün 18,8 milyard dollarlıq büdcə nəzərdə tutur. Bu rəqəm 2026-cı ilin səviyyəsi ilə müqayisədə 5,6 milyard dollarlıq azalma deməkdir. Administrasiya bu ixtisarları lazımsız və həddindən artıq xərcli fəaliyyətlərin azaldılması kimi əsaslandırarkən, agentliyin diqqətini Aya insan endirmək və uzunmüddətli perspektivdə Ay bazası yaratmaq hədəflərinə yönəltməyi planlaşdırır.
“Artemis” proqramı qorunur, digər layihələr təhlükədə
Büdcə layihəsinə görə, NASA-nın “Artemis” proqramına 8,5 milyard dollar ayrılacaq. Bu vəsait kommersiya Ay eniş aparatları, kosmik geyimlər, yerüstü vasitələr, yaşayış modulları və astronavt daşınması sistemləri üçün istifadə olunacaq. Bundan əlavə, Ay səthinə göndəriləcək kommersiya robot missiyalarının artırılması da planlaşdırılır.
Ən böyük zərbə isə elmi proqramlara dəyir. Tramp administrasiyası NASA-nın elm büdcəsini təxminən 50 faiz azaltmağı, yəni 3,4 milyard dollarlıq ixtisar etməyi təklif edir. Bu çərçivədə 40-dan çox aşağı prioritetli missiya ləğv ediləcək.
Büdcə layihəsi NASA-nın mövcud ağır yük raketi Space Launch System (SLS) və Orion kapsulunun yerinə daha aşağı xərcli kommersiya alternativlərinə keçidi dəstəkləyir. Bu çərçivədə “SpaceX”in “Starship”i və “Blue Origin”in “New Glenn” raketi kimi sistemlər ön plana çıxır.
NASA-nın hazırkı planına görə, SLS raketi ən azı “Artemis V” missiyasına qədər istifadə olunmağa davam edəcək. Lakin bundan sonra agentliyin astronavtları Ay orbitinə daşıyacaq kommersiya həlləri üçün yeni tender prosesinə başlaması gözlənilir. Bu prosesin 2027-ci maliyyə ilində başlanması planlaşdırılır.
Beynəlxalq Kosmik Stansiya (ISS) üçün ayrılan büdcədə də 1,1 milyard dollarlıq ixtisar planlaşdırılır. Bu addım stansiyanın 2030-cu ildə istismardan çıxarılması hədəfini qoruyur. Lakin Konqresdə bəzi şəxslər ISS-nin 2032-ci ilə qədər fəaliyyətinin uzadılmasını müdafiə edir.
NASA və kosmik proqramlardakı bu siyasi və iqtisadi qeyri-müəyyənlik mahiyyəti etibarilə uzunmüddətli olan “Artemis” kimi dərin kosmos missiyalarına təsir göstərir. ABŞ Soyuq müharibə dövrünü Aya insan endirməklə başa vurduqda NASA-nın büdcədən aldığı pay 4 faizdən çox idi. Aya enişdən əvvəl başlayan ixtisarlar fasiləsiz davam edərkən, 2026-cı il büdcəsinin ümumi büdcədəki payı cəmi 0,35 faiz idi.
Kosmosa əyləc, müdafiəyə tam sürət
NASA-dakı ixtisarlar Tramp administrasiyasının ümumi büdcə yanaşmasının bir hissəsi kimi ön plana çıxır. 2027-ci il layihəsi müdafiə xərclərində böyük artım nəzərdə tutur. Buna görə, ABŞ-nin hərbi büdcəsi təxminən 1,5 trilyon dollara çatdırılacaq. Bu rəqəm 2026-cı ildəki təxminən 1 trilyon dollarlıq səviyyə ilə müqayisədə tarixi artım deməkdir.
Artım çərçivəsində hərbi qulluqçulara 5-7 faiz arasında maaş artımı, yeni döyüş gəmiləri üçün 65,8 milyard dollar, raketdən müdafiə sistemləri və kritik mineral təchizatı kimi layihələr üçün əlavə vəsait ayrılması planlaşdırılır. ABŞ-nin İran ilə davam edən münaqişə prosesi də bu artımın mühüm əsasları arasında göstərilir.
Buna qarşılıq, müdafiə sahəsindən kənar federal xərclərdə 10 faiz ixtisar hədəflənir. Kənd Təsərrüfatı Nazirliyinin büdcəsində 19 faiz, Səhiyyə Nazirliyində 12,5 faiz və Ətraf Mühitin Mühafizəsi Agentliyində 52 faiz azalma planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az