İnsansız sistemlər son illərdə müasir müharibənin ən müəyyənedici amillərindən birinə çevrilib. Xüsusilə pilotsuz uçuş aparatları və zərbə tipli pilotsuz uçuş aparatları sahədə tarazlığı ciddi şəkildə dəyişir. Lakin pilotsuz vasitələrin istifadəsi artıq yalnız hava əməliyyatları ilə məhdudlaşmır. Yerüstü robot sistemləri də getdikcə daha çox ön plana çıxmağa başlayıb. Əsasən kəşfiyyat və logistika tapşırıqları üçün hazırlanan bu sistemlər bu gün gəlib çatdığımız nöqtədə birbaşa döyüşə qatılan fəal ünsürlərə çevrilib. Ukrayna-Rusiya müharibəsi bu transformasiyanın ən aydın müşahidə olunduğu münaqişə kimi diqqətçəkən ilk hadisələrə səhnə olur.
Ukrayna yerüstü robotlarla bir ayda 7 min əməliyyat həyata keçirdi
“New York Times”ın yaydığı məlumata görə, Ukrayna cəmi bir ay ərzində yerüstü robotlarla 7 min əməliyyat həyata keçirərək bu sahədə diqqətçəkən bir həddi geridə qoyub. Bu insansız sistemlər pulemyotlarla atəş aça bilir, mina döşəyə bilir, əl qumbarası ata bilir və birbaşa düşmən ünsürlərini zərərsizləşdirə bilir. Sahədəki hərbçilərin bildirdiyinə görə, bu vəziyyət cəbhə xəttini sanki elmi-fantastik filmə çevirib. Deyilənə görə, cəbhədə “Terminator” filmindən çıxmış kimi görünən anlar artıq tez-tez yaşanır.
Ukraynalı pilotsuz uçuş aparatı operatorunun fikirləri bu dönüşümün psixoloji tərəfini də üzə çıxarır. Bir insan əsgəri vurduqda onu zərərsizləşdirə bilərsiniz, lakin yerüstü robot nə ağrı hiss edir, nə də geri çəkilir. Bu isə xüsusilə müdafiə xəttindəki əsgərlər üçün alışılması çətin bir vəziyyət yaradır. Belə ki, məlumatlara görə, yalnız yanvar ayında 100-dən çox rus əsgərinin bu pilotsuz sistemlər qarşısında təslim olduğu bildirilir.

Yerüstü robotların istifadəsində artım yalnız hücum tapşırıqları ilə məhdudlaşmır. Xüsusilə logistika sahəsində bu sistemlərin rolu sürətlə böyüyür. Bu gün Ukrayna ordusunda logistika əməliyyatlarının demək olar ki, 90 faizi robot sistemlər vasitəsilə həyata keçirilir. Bu robotlar cəbhə xəttinə sursat, qida və avadanlıq daşıyarkən, eyni zamanda yaralı əsgərlərin təxliyəsi kimi kritik tapşırıqları da yerinə yetirir. Bəzi modellərin eyni anda üç yaralı əsgəri daşıya bildiyi qeyd olunur.
Rusiya-Ukrayna müharibəsində kamikadze pilotsuz uçuş aparatlarının geniş şəkildə istifadəsi cəbhə xəttində insan hərəkətini son dərəcə riskli hala gətirir. Bu səbəbdən uzaqdan idarə olunan yerüstü robotlar əsgərlərin birbaşa risk almadan əməliyyat aparmasına imkan yaradır. Donetsk kimi döyüşlərin ən intensiv yaşandığı bölgələrdə bu sistemlərin fəal şəkildə istifadə olunduğu bildirilir.
Yerüstü robotlar müdafiə texnologiyaları sektorunda Ukraynanın ən sürətlə böyüyən sahəsinə çevrilib. 2025-ci ildən etibarən istehsalın təxminən altı dəfə artdığı, bazarın həcminin isə 250 milyon dolları keçdiyi bildirilir. Bu da müharibənin yalnız sahədəki taktikanı deyil, müdafiə sənayesinin istiqamətini də kökündən dəyişdiyini göstərir.

Hazırlanan sistemlər arasında müxtəlif istifadə ssenarilərinə yönəlmiş diqqətçəkən nümunələr də var. 2024-cü ildə təqdim olunan və təxminən 9 min dollar dəyərində olan robot itlər kamikadze hücumları həyata keçirə bilir. Ötən il onlara pulemyotla təchiz edilmiş “Fury” adlı yerüstü robotlar da əlavə olunub. Bu sistemlər artıq yalnız dəstək ünsürü deyil, birbaşa müharibənin mərkəzində duran aktorlara çevrilib.
Bütün bu inkişaflar müharibənin gələcəyinə dair mühüm ipucu verir. İnsan əsgərləri tam şəkildə əvəz etməsə də, insansız quru platformalarının münaqişələrdə rolu hər keçən gün artır. Ukraynada baş verənlər gələcəkdə döyüş meydanlarının daha çox avtomatlaşdırılmış və insan müdaxiləsindən uzaq bir quruluşa çevrilə biləcəyini göstərir. Bu isə müharibənin mahiyyətini yalnız taktiki deyil, etik və strateji baxımdan da yenidən müzakirəyə açacaq kimi görünür.
Sevinc Əliyeva
Ordu.az