Ordu.az xəbər verir ki, “Labuan” Hava Bazasında həyata keçirilən və üç saat davam edən uçuş sistemin rəsmi xidmətə qəbulundan əvvəl son hazırlıq mərhələlərindən biri kimi qeydə alınıb.
RMAF tərəfindən sosial şəbəkədə yayılan açıqlamada ANKA-THS platformasının ilk uçuşunu uğurla başa vurduğu bildirilib, bu nəticənin çoxsaylı qurumların əlaqələndirilmiş fəaliyyətinin məhsulu olduğu vurğulanıb. Açıqlamada Hava Əməliyyatları Komandanlığının Qərargahı, 2-ci Hava Bölgəsi Qərargahı, Planlaşdırma və İnkişaf Şöbəsi və Labuan Hava Bazası ilə yanaşı, Malayziya Mülki Aviasiya İdarəsinin (CAAM), Müdafiə Coğrafi Məkan Bölməsinin, Malayziya Rabitə və Multimedia Komissiyasının (MCMC) və Malayziya Meteorologiya İdarəsinin (MET Malaysia) prosesdə fəal rol oynadığı qeyd edilib.
“Türkiyə Aviasiya və Kosmos Sənayesi Şirkəti” (TUSAŞ) tərəfindən hazırlanmış ANKA sistemi Malayziyanın xüsusilə Şərqi Malayziya və Cənubi Çin dənizi kimi strateji bölgələrdəki fəaliyyətində mühüm rol oynayacaq. Platformanın kəşfiyyat, müşahidə, hədəfin müəyyən edilməsi və aşkarlama (ISTAR) qabiliyyətlərini gücləndirərək hava qüvvələrinin əməliyyat effektivliyini artıracağı gözlənilir.
Malayziyanın pilotsuz uçuş aparatı tədarükü prosesi 2020-ci ildə başladılan tenderlə formalaşıb. Türkiyə ilə yanaşı, ABŞ, Çin və İtaliyadan şirkətlərin iştirak etdiyi prosesdə TUSAŞ-ın təklifi seçilib. Müqavilə 2023-cü ildə “Langkavi” Beynəlxalq Dənizçilik və Aviasiya Sərgisində (LIMA 2023) imzalanıb. Razılaşma çərçivəsində ümumilikdə 3 sistemdən ibarət və 9 ədəd ANKA zərbə tipli pilotsuz uçuş aparatını əhatə edən tədarük planı hazırlanıb. İlk mərhələdə 3 platformanın təhvil verilməsi nəzərdə tutulur, ümumi müqavilə dəyərinin isə təxminən 100 milyon dollar səviyyəsində olduğu bildirilir.
Digər tərəfdən, tədarük prosesinin bir hissəsi olaraq, TUSAŞ 2025-ci ilin mayında Malayziyada inşa etdiyi hangarı təhvil verərək infrastruktur hazırlıqlarını da tamamlayıb.
Sevinc Əliyeva
Ordu.az