Trampın İrana qarşı planı dəyişdi, yoxsa sadəcə təxirə salındı? - BAXIŞ BUCAĞI

2026/04/1775664410.jpg
Oxunub: 531     20:06     08 Aprel 2026    
“Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə telefon danışıqlarından sonra mən İran əleyhinə hücumları və bombardmanları iki həftəlik dayandırmağa razılaşıram. Bu, qarşılıqlı atəşkəs olacaq”. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəxsi platformasında paylaşım edib. Digər mənbələrin məlumatına görə, “atəşkəs razılaşması Çinin birbaşa vasitəçiliyi nəticəsində əldə olunub” və bu danışıqlarda “vitse-prezident Cey Di Vens birbaşa iştirak edib”.

Hər necə olursa olsun, fakt odur ki, ABŞ Prezidenti “cəhənnəmin qapılarını açmayıb” və İranın “bütün sivilizasiyasını məhv etməyib”. Tərəflər iki həftəlik atəşkəsin tətbiqi və bu müddət ərzində hərtərəfli razılaşmanın əldə olunması barədə razılığa gəliblər. Donald Tramp atəşkəs razılaşmasını “İrana qarşı yüz faiz qələbə” adlandırıb. İranın Ali Milli Təhlükəsizlik Şurası isə əksinə bəyan edib ki, “İran böyük qələbə qazanıb və ABŞ-ni on maddədən ibarət planı qəbul etməyə məcbur edib”.

İsrail mənbələri iddia edib ki, İran “özünün heç bir sərt ilkin şərtindən imtina etməyib”. “Ynet”in hərbi şərhçisi qeyd edib ki, İranla iki həftəlik atəşkəs “Donald Trampın vəziyyətdən təhlükəsiz şəkildə çıxması üçün bir imkandır, lakin bunun bədəlini İsrail ödəyəcək”. O vurğulayıb ki, Netanyahunun hökuməti hazırda iki ciddi problemlə üz-üzədir: Livanda “Hizbullah”a qarşı müharibəni necə başa çatdırmaq və Trampı İrana qarşı sanksiyaların ləğvi məsələsində tələsməməyə necə inandırmaq.

Güman etmək olar ki, İsraildə ABŞ Prezidentinin planları barədə dünyanın digər ölkələrindən daha çox məlumatlıdırlar. Netanyahunun hökuməti həqiqətən də son dərəcə mürəkkəb vəziyyətdədir. ABŞ Prezidenti bəyan edib ki, o, heç vaxt İranda “teokratiyanı devirmək məqsədi güdməyib”. “Ynet”in hərbi məsələlər üzrə şərhçisi xəbərdarlıq edib ki, sanksiyalardan azad edilən İran “texnoloji sıçrayış edəcək”.

Optimist proqnozlar üçün, görünür, İran-ABŞ arasında növbəti təmasların nəticələrini gözləmək lazımdır. Əgər yaxın günlərdə ABŞ-nin vitse-prezidenti Vens və İranın xarici işlər naziri Əraqçi görüşsələr, bu, tərəflərin həqiqətən də “razılaşmaya nail olmaq” istiqamətində real niyyətə malik olduqlarının göstəricisi olacaq. Danışıqların pozulması və yenidən müharibə vəziyyətinə qayıdılması ehtimalı aşağı görünür.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin