Şimali Koreya dəniz istiqamətində bir neçə ballistik raket buraxıb

2025/11/1763024207.jpg
Oxunub: 391     12:04     08 Aprel 2026    
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Şimali Koreya çərşənbə günü dəniz istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, son iki gün ərzində artıq ikinci buraxılışdır.

Bu hadisə Pxenyanın ikitərəfli münasibətlərin istiləşməsi barədə Seulun açıqlamasına kifayət qədər sərt reaksiya verməsindən sonra baş verib.

Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan bölgəsindən buraxılıb və şimal-şərq istiqamətində təxminən 240 kilometr uçub. Seul öz bəyanatında vurğulayıb ki, ABŞ ilə güclü hərbi ittifaq çərçivəsində Şimali Koreyanın istənilən təxribatını dəf etməyə hazırdır. Daha sonra Cənubi Koreya tərəfi bildirib ki, Pxenyan daha bir ballistik raketi şərq sularına doğru buraxıb, lakin əlavə təfərrüatlar verilməyib.

Cənubi Koreya ordusunun məlumatına görə, çərşənbə axşamı da Şimali Koreyanın paytaxtı yaxınlığında daha bir naməlum mərminin buraxılması qeydə alınıb. Bildirilir ki, Cənubi Koreya və ABŞ kəşfiyyat xidmətləri hazırda həmin sınağın təfərrüatlarını araşdırır.

Cənubi Koreya agentliyi yazıb ki, əvvəlki qurğu, ehtimal ki, yenə ballistik raket olub, lakin buraxılışın ilkin mərhələsində anomal dəyişikliklər müşahidə olunduqdan sonra Cənubi Koreya hərbi radarlarından itib.

Məlumatlara görə, bu, buraxılışın uğursuz olduğunu göstərir.

Raketlərin ardıcıl buraxılışları Şimali Koreyanın Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olmadığını nümayiş etdirməsindən sonra baş verib. Cənubi Koreyanın liberal hökuməti uzun müddətdir dayandırılmış dialoqu bərpa etməyə çalışır.

Çərşənbə axşamı axşamı KXDR xarici işlər nazirinin müavini Çan Kum Çxol bildirib ki, Cənubi Koreya həmişə “Şimalın ən düşmən dövləti” olaraq qalacaq. O, Cənubi Koreya rəhbərliyini ələ salaraq onları “dünyanı heyrətləndirən axmaqlar” adlandırıb və bununla ölkə lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Çjonun son bəyanatına istinad edib.

Cənubi Koreya Prezidenti Li Çje Myonun Şimali Koreya istiqamətində mülki pilotsuz uçuş aparatlarının iddia edilən uçuşları ilə bağlı üzrxahlıq məktubu göndərməsindən sonra Kim Yo Çjon bazar ertəsi gecə onu “dürüstlük və cəsarətinə” görə tərifləyib. Eyni zamanda, o, belə uçuşlar təkrarlanacağı təqdirdə cavab tədbirləri görüləcəyi ilə bağlı təhdidini də yenidən təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Raket  


Bizi "telegram"da izləyin