Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya kafedrasının dosenti, beynəlxalq münasibətlər üzrə erməni ekspert Qriqor Balasanyan Paşinyanın Rusiyaya səfərini şərh edərkən deyib.
“Paşinyan Rusiya prezidentindən Ermənistan əleyhinə niyə hibrid müharibə aparıldığını soruşmayıb, əksinə deyib ki, hibrid müharibəyə qarşı mübarizə aparmaq üçün hansı texnologiyalarınız var.
Əgər xatırlayırsınızsa, cəmi bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri demişdi ki, lazım gələrsə, Rusiyadan da bu sahədə hansı alətlərə malik olduqlarını öyrənməyə çalışacaqlar. Sadəcə burada kimin kimə qarşı mübarizə apardığı və “hibrid müharibə” deyərkən nə nəzərdə tutulduğu məlum deyil”, - deyə Balasanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbəri bir şey deyib başqa cür hərəkət etdiyindən və sonradan bunu fərqli şəkildə izah etdiyindən, bu suallara hansı cavabların veriləcəyini demək çətindir.
“Mənim heç bir şübhəm yoxdur ki, Paşinyan bu sualı verib: “hibrid müharibə” ilə necə mübarizə aparmaq olar?”, - deyə Balasanyan qeyd edib.
Erməni ekspert vurğulayıb ki, Ermənistanda Paşinyan və komandası “hibrid müharibə” barədə danışarkən konkret heç nə demir, çünki özlərinə manevr imkanı saxlayırlar.
“Hamıya aydındır ki, əgər Avropa İttifaqından “hibrid müharibə” ilə mübarizə üçün maliyyə alırsansa, bəs regionda Aİ-nin geosiyasi rəqibi kimdir? İran? Xeyr. ABŞ? Xeyr. Burada biz həm də kişilik çatışmazlığı ilə üz-üzəyik. Əgər danışırsansa, onda hər şeyi öz adı ilə çağır. Əgər buna görə cavab verəcəyinə əmin deyilsənsə, yəqin ki, “arı pətəyini” dağıtmağa və bu məsələni gündəliyə çıxarmağa ehtiyac yoxdur”, - deyə Balasanyan qeyd edib.
Onun fikrincə, gündəmdə dəmir yolu məsələsi də olacaq, çünki bir neçə gün əvvəl Rusiyanın nəqliyyat naziri bəyan edib ki, Rusiya konsessiyanı kiməsə vermək niyyətində deyil.
“Burada sual yaranır ki, Ermənistan rəhbəri nəyə əsaslanaraq düşünür ki, ruslar bunu hətta müttəfiqləri olsa belə, geosiyasi və müəyyən mənada rəqib olan Qazaxıstana güzəştə getməyə hazırdırlar? Paşinyan bu məlumatı haradan alıb ki, onlar bunu qazaxlara verməyə hazırdırlar?”, - deyə Balasanyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az