Ordu.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert məlumat verib.
“Ermənistandan idxal olunan məhsulların çeşidi və həcmi belə qənaətə gəlməyə əsas verir ki, onların hamısı erməni mənşəli deyil. Biz bu məsələ ilə həm 2024-cü ildə, həm də 2023-cü ildə məşğul olmuşuq”, - deyə Dankvert bildirib.
Onun sözlərinə görə, əsas problem məhsul tədarükünün qeyri-məntiqi artımıdır ki, bu da Avrasiya İqtisadi Birliyi çərçivəsində bazarlara girişin sadələşdirilmiş qaydaları ilə bağlıdır. “Məsələn, üç il ərzində Ermənistan çiçək tədarükünü 36 milyondan 100 milyondan çox ədədə qədər artırıb. Digər məhsul növləri üzrə də artım qeydə alınıb. Biz fitosanitar nəzarəti sərhədə daha yaxın ərazilərə keçirməyə məcbur olduq. Həmçinin gördük ki, Rusiyaya göndərilən böyük həcmdə məhsul təyinat məntəqələrinə çatmır”, - deyə o qeyd edib.
Dankvert bildirib ki, uzun müddət bu məsələlərin tənzimlənməsi ilə məşğul olublar və Ermənistandan daxil olan yüklərdə karantin obyektlərinin çoxluğu müşahidə olunur: “900-dən çox belə hal qeydə alınıb ki, bu da işi xeyli çətinləşdirir. Məsələn, dezinfeksiya aparmaq zərurəti yaranır. Çiçəklərlə bağlı isə istehsal yerlərinin sertifikatlaşdırılması tələb olunur, həmçinin inspeksiya yoxlamaları aparmağa çalışmışıq”.
Heyvandarlıq məhsullarının tədarükü ilə bağlı problemlərə toxunan Dankvert qeyd edib ki, bu sahədə də məhsulların bir hissəsi erməni mənşəli olmaya bilər: “Biz mənşəyi nəzarət olunmayan məhsulların, məsələn, kərə yağı, pendir və forelin tədarükünü müşahidə etmişik. Ermənistanın dağ çaylarının foreli heç bir halda Norveç forelinə bənzəyə bilməz”.
Onun sözlərinə görə, bu hallar Ermənistandan idxala daha sərt tələblərin tətbiqinə səbəb olub, o cümlədən məhsulların izlənilməsi ilə bağlı. O hesab edir ki, problemin həlli Avrasiya İqtisadi Birliyi çərçivəsində təhlükəsizlik nəzarəti üzrə informasiya sistemlərinin inteqrasiyasından keçir: “Bizim elektron sistemlərimiz məhsulların tez izlənilməsinə və səmərəli işləməyə imkan verir, lakin ittifaq daxilində bu hələ mümkün olmayıb”.
Alpər Mövludoğlu
Ordu.az