Erməni deputat: “Putin desə ki, birlik dövlətinə qoşulmalısınız, Paşinyan da deyəcək ki, bəli?”

2026/04/Ekran-1775125621.jpg
Oxunub: 347     14:23     02 Aprel 2026    
“Baş nazir Nikol Paşinyan Putinə deyir ki, Qarabağı Azərbaycanın tərkibində ilk siz tanımısınız. Bəs niyə Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətimiz hansısa üçüncü ölkənin mövqeyindən asılı olmalıdır?”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib.

“Bu, müstəqil dövlət rəhbərinin çıxışı idi? Yaxşı, sən dedin ki, Qarabağ Azərbaycandır, biz də bunu qəbul etdik. Sabah desələr ki, Ermənistan birlik dövlətinə qoşulmalıdır, o nə deyəcək? Deyəcək ki, yaxşı, siz deyirsinizsə, deməli belə olmalıdır? Putin desə ki, birlik dövlətinə qoşulmalısınız, Paşinyan da deyəcək ki, bəli? Əgər sovet dövründə Ermənistan bu məntiqlə hərəkət etsəydi, 1988-ci ildən “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) dayanardı, çünki o vaxt da Qorbaçov deyirdi ki, Sovet respublikalarının sərhədləri dəyişməməlidir. Bu bizim problemimizdir və biz onu üçüncü ölkələrin və digər dövlətlərin mövqeyindən asılı olmayaraq həll etməliyik. Müstəqil dövlət olmaq budur”, - deyə o bildirib.

Xaçatryan qeyd edib ki, Nikol Paşinyan bütün uğursuzluqlarını və məğlubiyyətlərini başqalarının üzərinə, keçmiş hakimiyyətə, üçüncü ölkələrə, qlobal vəziyyətə və s. atır: “Aydındır ki, o, Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyan yeganə rəhbəridir. Bütün sənədlər göstərirdi ki, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qlobal konsensus iddiaları əsassızdır. Minsk qrupunun həmsədrlərinin təqdim etdiyi sənədlərdə Qarabağın yekun “hüquqi statusu”nun necə müəyyən olunacağı açıq şəkildə göstərilirdi, bu, məcburi qüvvəyə malik ümumxalq səsverməsi ilə müəyyən edilməli idi və onun gündəliyi heç nə ilə məhdudlaşdırılmırdı. Bu səsvermədə “Qarabağ əhalisi” (Qarabağdan könüllü köç etmiş şəxslər-red.) münaqişədən əvvəlki nisbətdə, yəni 75/25 nisbətində iştirak etməli idi.

Yəni Paşinyan məğlubiyyətə uğrayaraq, təkcə bu məğlubiyyətin günahını başqalarının üzərinə atmır, həm də utanmadan tarixi reallığı və bütün danışıqlar prosesini təhrif edir”, - deyə erməni müxalif deputat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin