“Qarabağın süqutu”ndan aylar əvvəl Arayik Harutyunyan dəfələrlə “istefa vermək” istəyib” - Şahramanyan

2026/04/Ekran-1775121976.jpg
Oxunub: 478     13:19     02 Aprel 2026    
“Həm “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.), həm də Ermənistanın “hakimiyyətləri” istənilən şəraitdə, istənilən dövrdə bir-biri ilə əməkdaşlıq ediblər, bu, istər sülh, istərsə də hərbi əməliyyatlar dövrü olub”.

Ordu.az xəbər verir ki, bunu bu gün Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyan Nikol Paşinyanın Qarabağla bağlı qərarların qəbulunda həmişə “yerli hakimiyyət”lə məsləhətləşdiyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

“Ermənistan “Qarabağ”ın təminatçısıdır, o cümlədən təhlükəsizliyin təminatçısıdır və bütün məsələlər Ermənistan hakimiyyəti ilə müzakirə edilərək razılaşdırılırdı. Bəli, mən də onunla danışmışam”, - deyə o bildirib.

Qarabağda “hakimiyyət”in zəbt edilməsi və sonradan onun öz imzaladığı fərmanla Qarabağın təhvil verilməsi ilə bağlı ittihamlara cavab verən Şahramanyan deyib: “Bildiyiniz kimi, köçdən əvvəl, son 9-10 ay ərzində “Qarabağ əhalisi” “blokada” şəraitində idi və artıq iyunun 15-dən Həkəri körpüsündə baş verən məlum bayraq hadisəsindən sonra biz “tam mühasirə və blokada” vəziyyətinə düşdük”.

Şahramanyanın sözlərinə görə, Arayik Harutyunyan bir neçə dəfə “istefa vermək” niyyətini açıqlayıb və o, şəxsən bunun şahidi olub: “Siyasi dairələrdəki nümayəndələr, o cümlədən “keçmiş prezidentlər”, həmçinin Ruben Vardanyan uzun müddət onu bu addımdan çəkindirməyə çalışırdılar, çünki həmin dövrdə bu, düzgün addım sayılmırdı. Bütün bu cəhdlər “blokada” dövründə olub. Sonuncu dəfə fəaliyyət göstərən “prezident” Arayik Harutyunyan bu məsələni qaldıraraq “istefa verməli” olduğunu dedi və bunu insanlar qarşısında etimadı itirməsi, vəziyyətdən çıxış üçün lazım olan resursların olmaması ilə əsaslandırdı. Mən Arayik Harutyunyana qarşı siyasi xadimlər, “keçmiş prezidentlər” və ya Ruben Vardanyan tərəfindən hər hansı təzyiq görməmişəm. O, eyni zamanda namizədlərin axtarışı ilə də məşğul idi”.

Şahramanyan qeyd edib ki, Harutyunyan ən azı 5-6 nəfərlə bu məsələni müzakirə edib: “Konstitusiya dəyişikliklərindən sonra “prezident” “parlament” tərəfindən seçilməli idi və bu, klassik “prezident” olmayacaqdı. O, ümumi seçkilər ilə seçilən “prezident”in səlahiyyət müddəti başa çatanadək vəzifədə qalmalı idi və mövcud “hökumət”in proqramlarını davam etdirməli idi”.

O qeyd edib ki, “hakimiyyət”in zorla ələ keçirilməsi barədə iddialar reallığı əks etdirmir: “Əgər zor və ya təzyiq altında dəyişiklik nəzərdə tutulursa, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Arayik Harutyunyan “parlament”də kifayət qədər səs toplaya biləcək namizəd tapmağa çalışırdı. Bunun üçün isə 5 “siyasi qüvvə”dən ən azı 4-nün razılığı lazım idi”.

Şahramanyan vurğulayıb ki, “Qarabağ parlamenti”ndə ən böyük “siyasi qüvvə” Arayik Harutyunyanın yaratdığı “azad vətən partiyası” idi və bu “partiya” onun qərarını yekdilliklə dəstəkləyib: “Bu gün deyirlər ki, Daşnaksütun “hakimiyyət”i ələ keçirib. Bildirmək istəyirəm ki, Daşnaksütunun nümayəndəsi kimi “parlament sədri” seçilən Davit İşxanyan məhz Arayik Harutyunyanın təqdimatı və xahişi ilə seçilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahramanyan   Ermənistan  


Bizi "telegram"da izləyin