Overçuk: “Ermənistan Moskva ilə Rusiya Dəmir Yolları konsessiyasının satışı barədə danışıqlar aparmayıb”

2025/09/1756972817.jpg
Oxunub: 416     09:26     02 Aprel 2026    
“Rusiya tərəfi Rusiya Dəmir Yolları konsessiyasının Ermənistana mümkün ötürülməsi barədə məlumatı digər ölkələrdən olan tərəfdaşlarından öyrənib, Moskva ilə isə heç kim bu məsələni müzakirə etməyib”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk “Vesti”yə bildirib.

“Bu, çox maraqlı bir hekayədir, çünki heç kim Rusiya ilə konsessiyanın ötürülməsi məsələsini müzakirə etmir. Hər halda, bu günə qədər heç kim müzakirə etməyib. Biz isə bu barədə yalnız digər ölkələrdən olan tərəfdaşlarımızdan xəbər tuturuq. BƏƏ-dən olan şəxslər bizimlə əlaqə saxlayır, Qazaxıstandan olan şəxslər bu barədə bizimlə danışır, lakin heç kim bizimlə öz konsessiyamız barədə danışmır. Bu, olduqca maraqlıdır”, - deyə o qeyd edib.

2026-cı il fevralın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib ki, İrəvan respublikanın dəmir yolu konsessiyasını həm Moskva, həm də İrəvanla dost münasibətdə olan bir dövlətə satmağı təklif edib. O, alternativlər arasında Qazaxıstanı, BƏƏ-ni və Qətəri qeyd edib. Paşinyan həmçinin bildirib ki, Ermənistanın Rusiyaya qarşı heç bir iradı yoxdur, lakin rus konsessiyası ölkə üçün “müəyyən rəqabət itkiləri yaradır”.

2008-ci il fevralın 13-də İrəvanda “Rusiya Dəmir Yolları” ilə Ermənistan arasında konsessiya müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən, ölkənin dəmir yolu sistemi “Cənubi Qafqaz Dəmir Yolları”nın idarəetməsinə verilib. Müqaviləyə görə, konsessiyanın müddəti 30 ildir və ilk 20 ildən sonra tərəflərin qarşılıqlı razılığı ilə daha 10 il uzadıla bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk  


Bizi "telegram"da izləyin