Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Politic.am” nəşri yazıb.
“Bu günlərdə hakimiyyətə yaxın mənbələrimizdən biri maraqlı məlumatlar təqdim edib ki, bu da ümumi mənzərəni tam açır. Həmin məlumatlara görə, ötən il Qərb ölkələrindən birinin sifarişi ilə Ermənistana mütəxəssislər qrupu gəlib və dövlət aparatının əməkdaşları ilə bağlı dərin rəqəmsal araşdırma aparılıb. Təhlil zamanı Milli Təhlükəsizlik Xidmətinin əlində olan məlumatlardan da istifadə edilib”, - deyə nəşr qeyd edib.
KİV bildirib ki, araşdırmanın nəticələri kifayət qədər diqqətçəkən olub.
“Belə ki, təhlil göstərib ki, dövlət aparatının əməkdaşlarının təxminən 72 faizi seçki keçiriləcəyi təqdirdə Robert Köçəryana səs verərdi.
Bu nəticənin əsas səbəbləri kimi göstərilir ki, Köçəryanın hakimiyyəti dövründə sistem proqnozlaşdırılan rejimdə işləyib, daxildə gərginlik olmayıb və əməkdaşlar dövlət təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirməyiblər. 2018-ci ildən sonra isə sistemə çoxlu sayda hakim partiya nümayəndələri cəlb olunub ki, mənbənin iddiasına görə, onlar tez-tez tutduqları vəzifələrə uyğun gəlmir, lakin rəhbər mövqelərdə qərarlaşaraq tabeliklərində olanlar üçün daimi təzyiq və gərgin mühit yaradırlar. Buna əlavə olaraq, müharibə gözləntisi də daim mövcuddur”, - deyə KİV vurğulayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, məhz bu mənzərəni gördükdən sonra hakimiyyət mükafatlandırma siyasətinə əl atıb.
“Hesablama sadədir: xüsusilə rəhbər heyətə verilən çoxmilyonlu mükafatlar daxili təsir vasitəsinə çevrilməli, onların vasitəsilə isə sistem əməkdaşlarının siyasi mövqeyi Nikol Paşinyanın xeyrinə dəyişdirilməlidir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az