Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Biz Metsamor atom elektrik stansiyasının istismar müddətinin uzadılması və ölkədə atom enerjisinin gələcəyi ilə bağlı baş verənləri nəzərdən qaçıra bilmərik”, - deyə Overçuk TASS-a müsahibəsində bildirib.
“Elektrik enerjisi şirkətinin müsadirə olunmasının səbəbləri ilə bağlı sualımıza cavab olaraq bizə bildirildi ki, Ermənistanda insanlar xidmətin aşağı səviyyəsindən narazıdırlar. Bunun doğru olub-olmaması isə Ermənistanın daxili işidir”, - deyə baş nazir müavini qeyd edib.
O əlavə edib: “Hadisələrin əvvəlki fonundan və investorun kimliyindən asılı olmayaraq, mülkiyyət hüququ əsasdır və istənilən münasibətin təməlini təşkil edir. Dövlət tərəfindən xüsusi mülkiyyətin müsadirə olunması Ermənistanı xarici investorlar üçün daha cəlbedici etmir”.
Onun fikrincə, “milliyyətindən asılı olmayaraq, investorlar indi anlayacaqlar ki, bu bir dəfə baş veribsə, başqalarının da başına gələ bilər”. Overçuk bildirib ki, “şirkətin formal olaraq rus şirkəti olmaması belə investorların narahatlıqlarını daha da artırır”.
“Nəticə etibarilə onlar ölkədə investisiya risklərini daha yüksək qiymətləndirəcək, Ermənistandakı aktivlərin dəyəri mümkün olandan daha aşağı olacaq və biznes nümayəndələrinin mümkün qədər qısa müddətdə mənfəəti artırmaq istəyi daha da güclənəcək. Bu, bazar iqtisadiyyatının məntiqidir”, - deyə o izah edib.
“Sonda isə bunlar erməni sahibkarlar və istehlakçılar üçün daxili məsələlərdir”, - deyə Overçuk sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az