Erməni politoloq: “İranda müharibə TRIPP layihəsinin həyata keçirilməsini ya gecikdirə, ya da tamamilə dəyişdirə bilər”

2026/04/1775106539.jpg
Oxunub: 434     09:05     02 Aprel 2026    
“İranda baş verə biləcək müharibə TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsini ya gecikdirə, ya da tamamilə dəyişdirə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə İrəvanda jurnalistlərlə görüş zamanı erməni politoloq, “APRI Armenia” analitik mərkəzinin elmi işçisi, şərqşünas Sergey Melkonyan bildirib.

Onun sözlərinə görə, layihənin icra müddətinin mümkün dəyişməsi barədə rəsmi şəxslər də danışıb və xüsusilə ABŞ-nin layihəyə marağının azalmasını qeyd ediblər. “Layihənin mümkün dəyişməsi isə bir neçə amildən asılıdır. Məsələn, İrandakı vəziyyətdən asılıdır: mövcud hakimiyyət qalacaqmı və ABŞ ilə razılığa gələ biləcəkmi? İkinci halda Tehran İran sərhədi yaxınlığında ABŞ-nin mövcudluğu ilə bağlı mövqeyini sərtləşdirə bilər”, - deyə Melkonyan bildirib.

Erməni ekspert qeyd edib ki, hadisələrin belə inkişafı zamanı İranın narahatlıqları nəzərə alına bilər. “Xüsusilə, Tehran Ermənistanın Zəngəzur vilayətində ABŞ təhlükəsizlik strukturlarının nümayəndələrinin və ya Amerika şirkətlərinin olmamasını tələb edə bilər”, - deyə o qeyd edib.

Lakin İranda xaos yaranacağı təqdirdə vəziyyət fərqli ola bilər. Melkonyanın fikrincə, iri və ciddi şirkətlər qeyri-sabit regionda investisiya yatırmağa maraq göstərməyəcəklər.

Öz növbəsində, “APRI Armenia” analitik mərkəzinin böyük eksperti Beniamin Poğosyan bildirib ki, Ermənistanın Zəngəzur vilayətində dəmir yolu tikintisinin müddətləri kifayət qədər qeyri-müəyyəndir. Buna görə də hər hansı konkret vaxt dəyişikliyi barədə danışmaq çətindir.

Onun sözlərinə görə, ABŞ və Ermənistan hələ də mürəkkəb hüquqi proses mərhələsindədir. “Onlar hüquqi sistemləri uyğunlaşdırmağa çalışırlar ki, hüquqi qüvvəyə malik ikitərəfli saziş imzalansın. Bu saziş 2026-cı il yanvarında açıqlanan çərçivə sənədini əvəz etməlidir”, - deyə Poğosyan bildirib.

Erməni ekspert qeyd edib ki, yalnız bundan sonra Ermənistanda TRIPP layihəsini irəli aparacaq şirkətin yaradılması və qeydiyyatı mümkün olacaq. Məhz həmin şirkət dəmir yolu tikintisinə başlamalıdır.

“Bu isə o deməkdir ki, İranda müharibənin olub-olmamasından asılı olmayaraq, 2026-cı ilin dekabrında tikintiyə başlanması ehtimalı çox aşağıdır. Mən istisna etmirəm ki, bu, prosesi gecikdirə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, real tikinti işləri ən tez 2027-ci ildə başlaya bilərdi. Tikintinin ümumiyyətlə başlamayacağını və ya 2028-ci ildə başlayacağını demək isə kifayət qədər çətindir”, - deyə Poğosyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Melkonyan   TRIPP  


Bizi "telegram"da izləyin