Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Avropa Komissiyası qeyd edib ki, 2026-cı ildə həyata keçiriləcək 45 milyard avro məbləğində ilk ödənişin detalları və bu vəsaitlərin hansı məqsədlər üçün istifadə olunacağı ilə bağlı hüquqi mətn hazırlanacaq. Həmin sənəd Avropa İttifaqına üzv ölkələrin müzakirəsinə təqdim ediləcək.
Layihə daha sonra Avropa Şurasına birlikdəki 27 ölkənin liderlərinin yekun təsdiqi üçün göndəriləcək. Brüsseldə hesab edirlər ki, bu mərhələ formal xarakter daşımalıdır, çünki liderlər hələ ötən ilin dekabrında kreditlə bağlı prinsipial razılıq veriblər. Əgər Viktor Orban bu mərhələdə yenidən prosesi əngəlləməyə çalışsa, bu, sadəcə siyasi mövqe deyil, həm də Avropa İttifaqı daxilində “səmimi əməkdaşlıq” prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndiriləcək.
“Plan Ukrayna tərəfindən təqdim olunan geniş həcmli məlumatlara əsaslanır və biz bu məlumatları Ukrayna hakimiyyəti ilə birgə işləyib hazırlamışıq”, - deyə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bildirib.
O qeyd edib ki, vəsaitlərin ödənilməsindən əvvəl qəbul edilməli olan bir sıra digər sənədlər də mövcuddur, lakin Avropa Komissiyası “bütün detalları mümkün qədər tez dəqiqləşdirmək üçün əlindən gələni edir”.
Sevinc Əliyeva
Ordu.az