ABŞ: Çin İrana hərbi məqsədli çip texnologiyası göndərib

2026/03/1774884878.jpg
Oxunub: 515     19:33     30 Mart 2026    
ABŞ Çinin “Semiconductor Manufacturing International Corporation” (SMIC) şirkətini İrana hərbi məqsədlər üçün çip istehsalı avadanlığı göndərməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasından iki yüksəkvəzifəli nümayəndə anonim şəkildə bildiriblər ki, qismən dövlətə məxsus bu şirkət təxminən bir il əvvəl İrana göndərişlərə başlayıb və bu proses hələ də davam edə bilər.

Onların sözlərinə görə, avadanlıq İranın “hərbi sənaye kompleksinə” çatdırılıb və yarımkeçiricilər tələb edən elektron sistemlərin istehsalında istifadə oluna bilər. Lakin bunun münaqişədə konkret necə tətbiq edildiyi hələ aydın deyil.

Mənbələr göndərilən avadanlığın tərkibində ABŞ mənşəli texnologiyanın olub-olmadığını açıqlamayıblar. Belə bir fakt təsdiqlənərsə, bu, Vaşinqtonun İrana qarşı sanksiyalarının pozulması anlamına gələ bilər.

“Bu fəaliyyətin dayandığını düşünmək üçün heç bir əsasımız yoxdur”, - deyə mənbələrdən biri “Reuters”ə bildirib.

Həmin şəxs əlavə edib ki, əməkdaşlığa SMIC-in yarımkeçirici texnologiyası üzrə texniki təlimlərin də daxil olduğu demək olar ki, şübhə doğurmur.

Qeyd olunur ki, Şanxayda yerləşən və Çinin ən böyük çip istehsalçısı olan SMIC 2020-ci ildən etibarən ABŞ tərəfindən Çin Xalq Azadlıq Ordusunun sənaye şəbəkəsi ilə əlaqələrə dair ittihamlar səbəbindən ticarət məhdudiyyətlərinə məruz qalıb. Şirkət bu ittihamları rədd edib, Pekin isə İranla adi kommersiya ticarətini davam etdirib.

Məlumata görə, SMIC Çinin Vaşinqtondakı səfirliyi və İranın BMT yanındakı missiyası bu barədə yayılan kəşfiyyat məlumatına münasibət bildirməyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan isə AFP-yə açıqlamasında vəziyyətdən xəbərsiz olduğunu bildirib.

“Mən bu vəziyyətlə tanış deyiləm. Sizə deyə biləcəyim budur ki, son vaxtlar bəzi media orqanları doğru kimi görünən, amma əslində yanlış olan məlumatlar yaymağa çox həvəs göstərirlər”, - deyə o bildirib.

Qeyd edilir ki, Şərqi Asiya dövləti fevralın sonlarında ABŞ, İsrail və İran arasında Yaxın Şərq münaqişəsi başlayandan bəri neytral mövqe saxlayır. Son həftələrdə gərginlik artdıqca, Çin xarici işlər naziri Van Yi tərəfləri sülh danışıqlarını yenidən başlatmağa və danışıqlar üçün yaranan hər imkandan istifadə etməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   İran  


Bizi "telegram"da izləyin