Bağdaddakı hərbi bazaya raket hücumu edilib

2026/03/1774873957.jpg
Oxunub: 473     16:36     30 Mart 2026    
İraqın Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, gecə saatlarında Bağdad hava limanı kompleksində yerləşən və ABŞ səfirliyi üçün dəstək mərkəzinə ev sahibliyi edən hərbi bazaya raket zərbələri endirilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Baza hava limanı kompleksindəki ABŞ-nin diplomatik və logistika mərkəzinin yaxınlığında yerləşir. Bu ərazi Yaxın Şərqdə 2026-cı il fevralın 28-də başlayan müharibədən bəri dəfələrlə hədəf alınıb. İraq bu münaqişədən hər vəclə qaçmağa çalışsa da, prosesin daxilinə çəkilib. İranpərəst silahlı qruplaşmalar İraqda və regionda ABŞ-nin maraqlarına qarşı hücumlara görə məsuliyyəti üzərinə götürüb, eyni zamanda bu qruplaşmaların özlərinə də zərbələr endirilib.

Nazirliyin bəyanatında deyilir: “Bazar ertəsi səhər saatlarında Bağdadın kənarından atılan 122 mm-lik “Qrad” raketləri ilə bir aviabaza hədəf alınıb. Bu hücum İraq Hərbi Hava Qüvvələrinə məxsus bir ədəd “Antonov-132” təyyarəsinin məhv edilməsi ilə nəticələnib. Tələfat barədə məlumat daxil olmayıb”.

Hərbi rəsmilərdən biri AFP-yə bildirib ki, bazar ertəsi səhər tezdən raketlər diplomatik dəstək mərkəzinin daxilinə düşüb və yanğına səbəb olub. Bu ayın əvvəlində bir təhlükəsizlik rəsmisi agentliyə bildirmişdi ki, ABŞ-nin diplomatik mərkəzi personalının böyük hissəsini artıq təxliyə edib.

Ötən həftə Vaşinqton və Bağdad hücumların qarşısını almaq və İraq ərazisindən ABŞ obyektlərinə qarşı hücumlar üçün istifadə edilməməsini təmin etmək üçün “əməkdaşlığı intensivləşdirəcəklərini” bəyan etmişdilər. İstirahət günlərində isə 10 gün ərzində ilk dəfə olaraq iki pilotsuz uçuş aparatı ABŞ səfirliyini hədəf alsa da, hədəflərinə dəyməyib.

Nüfuzlu iranpərəst silahlı qruplaşma olan “Kətaib Hizbullah” martın 19-da bu cür hücumları beş günlük dayandıracağını bildirmiş, sonra isə bu müddəti iki dəfə uzatmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bağdad   Hərbi-baza  


Bizi "telegram"da izləyin