Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Netanyahu yaydığı video-müraciətdə deyib: “Mən indicə hərbçilərə Livandakı mövcud təhlükəsizlik zonasını daha da genişləndirmək barədə əmr verdim.
Bu, [“Hizbullah” yaraqlıları tərəfindən] işğal təhlükəsini qəti şəkildə zərərsizləşdirməyə və tank əleyhinə raket atəşini sərhəddən uzaq tutmağa yönəlib”.
Şimal komandanlığına səfəri zamanı Netanyahu qeyd edib ki, “Hizbullah” hələ də İsrailə raket atmaq üçün “qalıq imkanlarını” saxlasa da, qruplaşma İsrail qüvvələri tərəfindən ağır zərbələr alıb.
O əlavə edib: “İran artıq əvvəlki İran, “Hizbullah” əvvəlki “Hizbullah”, HƏMAS isə əvvəlki HƏMAS deyil. Bunlar artıq bizim varlığımızı təhdid edən terror orduları deyil, öz sağ qalmaqları üçün mübarizə aparan, məğlub edilmiş düşmənlərdir. Biz qərarlıyıq, mübarizə aparırıq və Tanrının köməyi ilə qalib gəlirik”.
İranın Livandakı səfiri qovulma əmrinə baxmayaraq yerində qalacaq
Bu arada, 2026-cı il martın 30-da İran tərəfi bildirib ki, ölkənin Livandakı səfiri “persona non qrata” (arzulanmaz şəxs) elan edilməsinə və ölkəni tərk etməsi barədə göstəriş verilməsinə baxmayaraq, fəaliyyətini davam etdirəcək.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi həftəlik mətbuat konfransında deyib: “Səfirimiz... İranın Beyrutdakı səfiri kimi fəaliyyətini davam etdirəcək və orada qalacaq”. O, Beyrutdakı səfirliyin “fəaliyyətdə olduğunu” əlavə edib.
Ötən həftə Beyrut rəsmi Tehrana səfirin ölkəni tərk etməsi üçün martın 29-na qədər vaxt vermişdi. Livanın müvafiq nazirliyi səfiri “Livanın daxili siyasətinə müdaxilə edən” bəyanatlar verməkdə ittiham edib.
Sevinc Əliyeva
Ordu.az