Ordu.az xəbər verir ki, bu barədə amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru, Davamlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks “Nikkei Asia” portalına müsahibəsində bildirib.
“Müharibə yalnız ABŞ və İsrailin aqressiyasına qarşı qlobal qəzəb və nifrət həmin ölkələri dayanmağa məcbur edəcəyi halda sona çata bilər. Əks halda, böyük ehtimalla alov içində olan Yaxın Şərqin şahidi olacağıq. Bu münaqişə asanlıqla qlobal yanğına, faktiki olaraq Üçüncü dünya müharibəsinə çevrilə bilər”, - deyə o qeyd edib.
Saks bildirib ki, döyüş əməliyyatları nəzarətdən çıxa bilər, çünki ABŞ və İsrail ərəb dünyasında və Qərbi Asiyada hegemonluq qurmaq niyyətindədirlər.
Onun fikrincə, iki ölkənin son məqsədi “Böyük İsrail” yaratmaq, tarixi Fələstinin hamısını əhatə etmək, ərəb ölkələrini suverenlikdən məhrum etmək və regiondan neft-qaz ixracına nəzarəti ələ almaqdır.
Professor vurğulayıb ki, ABŞ administrasiyası və yəhudi dövləti region ölkələrinin İsrailin bu dərəcədə nəzarətsiz davranmasını istədiyini düşünməklə yanılır.
Ekspertin sözlərinə görə, heç bir dövlət ABŞ-nin enerji daşıyıcılarının ixracına nəzarət etməsini istəməz.
Saks xəbərdarlıq edib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar davam edərsə, dünya misli görünməmiş enerji böhranı ilə üzləşəcək və bunun iqtisadi nəticələri fəlakətli ola bilər.
Sevinc Əliyeva
Ordu.az