WSJ: Tramp İran uranının çıxarılması əməliyyatını nəzərdən keçirir

2026/03/1774543530.jpg
Oxunub: 458     10:26     30 Mart 2026    
ABŞ prezidenti Donald Tramp İrandan təxminən 450 kq uranın çıxarılması üzrə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu, potensial olaraq mürəkkəb və riskli missiyadır, çünki ABŞ hərbçiləri ehtimal ki, İranda bir neçə gün və ya daha artıq müddət qalmalı olacaqlar.

Mənbələrin sözlərinə görə, əməliyyatla bağlı yekun qərar hələ qəbul edilməyib.

Qeyd olunur ki, Tramp hərbçilər üçün mümkün riskləri qiymətləndirir, lakin bunun İranın nüvə silahı hazırlamasının qarşısını almağa kömək edə biləcəyini düşünərək variantı istisna etmir.

Bundan əlavə, mənbələrdən biri bildirib ki, ABŞ prezidenti münaqişənin dayandırılması ilə bağlı mümkün razılaşma çərçivəsində uranın təhvil verilməsini təmin etmək üçün müşavirlərinə Tehrana təzyiqləri artırmağı tapşırıb.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt qeyd edib ki, Pentaqonun rolu ali baş komandan üçün müxtəlif ssenarilər hazırlamaqdır və bu, yekun qərarın qəbul edildiyi anlamına gəlmir.

Pentaqon və ABŞ Mərkəzi Komandanlığı isə məlumatı rəsmi şəkildə şərh etməkdən imtina edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin