Cənubi Koreya 20 min PUA sifariş edəcək

2026/06/1780490548.jpg
Oxunub: 182     19:53     29 İyun 2026    
Cənubi Koreya Şimali Koreyadan qaynaqlanan təhdidlərə qarşı 20 min hərbi Pilotsuz Uçuş Aparatının (PUA) təchiz edilməsini nəzərdə tutan yeni planını açıqlayıb.

Ordu.az xəbər verir ki, Seul rəhbərliyi bu qərarın qəbulunda Ukrayna və Yaxın Şərqdəki müharibələrdən çıxarılan nəticələrin mühüm rol oynadığını bildirib.

Qeyd olunub ki, əvvəllər döyüş meydanlarında yüksək xərc tələb edən və məhdud sayda olan silah sistemləri üstünlük təşkil etdiyi halda, aşağı xərcə malik insansız sistemlərin kütləvi istifadəsi müharibənin xarakterini dəyişdirib.

Cənubi Koreyanın müdafiə naziri An Gyu-bek Seulda jurnalistlərə açıqlamasında bildirib: “Ukrayna və Yaxın Şərqdə baş verən son münaqişələr PUA-ların döyüş meydanında həlledici amilə çevrildiyini açıq şəkildə göstərir”.

1950-1953-cü illər Koreya müharibəsinin sülh sazişi deyil, atəşkəslə başa çatması səbəbindən Cənubi Koreya ilə Şimali Koreya texniki baxımdan hələ də müharibə vəziyyətindədir.

Müdafiə naziri bildirib ki, Şimali Koreya müxtəlif növ insansız sistemlər hazırlamaqda davam edir və bu, yalnız Cənubi Koreyanın hərbi obyektləri üçün deyil, həm də kritik milli infrastruktur və mülki hədəflər üçün artan təhlükə yaradır.

Bu çərçivədə yerli istehsal olan Koreya Uzaqmənzilli İnsansız Döyüş Zərbə Sistemi (K-LUCAS) qısa müddətdə silahlanmaya qəbul ediləcək. Bildirilir ki, K-LUCAS xüsusiyyətlərinə görə ABŞ istehsalı olan LUCAS sisteminə bənzəyir. Həmin sistem isə İran istehsalı olan kamikadze tipli “Şahid” PUA-larının əks mühəndislik yolu ilə hazırlanmış versiyası hesab olunur.

Nazir əlavə edib ki, ordu qısamənzilli kəşfiyyat PUA-ları və “gəzən sursat” kimi tanınan kiçik zərbə PUA-ları da daxil olmaqla 20 mindən çox aşağı xərcli və birdəfəlik istifadə olunan PUA alacaq. Lakin bu sistemlərin hansı mənbələrdən təchiz ediləcəyi açıqlanmayıb.

Cənubi Koreya ordusunun süni zəka dəstəkli sürü PUA texnologiyaları üzərində də işləyəcəyi bildirilib. Bununla yanaşı, gələn ildən etibarən cəbhə xətti boyunca antidron sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

Uzunmüddətli perspektivdə silahlanmaya lazer və yüksək güclü mikrodalğalı sistemlər kimi yönləndirilmiş enerji silahlarının, eləcə də aşağı xərcli ələkeçirmə PUA-larının daxil edilməsi nəzərdə tutulur.

Müdafiə Nazirliyi həmçinin PUA-lardan “ikinci şəxsi silah” kimi istifadə edə biləcək 500 min “PUA döyüşçüsü” hazırlamaq planını bir daha təsdiqləyib. Bu məqsədlə təlim prosesində istifadə olunmaq üçün yerli istehsal olan təxminən 60 min kommersiya təyinatlı PUA alınacaq.

2023-cü ildə yaradılmış Cənubi Koreya PUA Əməliyyatları Komandanlığının yeni Müdafiə PUA Qərargahına çevriləcəyi də açıqlanıb.

Bununla yanaşı, həmin komandanlıq 2024-cü ilin oktyabrında Pxenyan üzərində həyata keçirilən PUA əməliyyatından sonra mübahisələrin mərkəzinə düşmüşdü. Məlumata görə, keçmiş prezident Yun Sok Yol uğursuz hərbi vəziyyət cəhdindən əvvəl böhran yaratmaq məqsədilə Şimali Koreyaya PUA göndərilməsi ilə bağlı 30 il həbs cəzasına məhkum edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   PUA  


Bizi "telegram"da izləyin