Ordu.az xəbər verir ki, bu barədə Samsun Valiliyinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının yerli və milli imkanlarla qarşılanması, eləcə də müdafiə sənayesində xarici asılılığın azaldılması məqsədilə MKE tərəfindən 2023-2027-ci illəri əhatə edən 1,5 milyard ABŞ dolları həcmində investisiya proqramı həyata keçirilir.
Bu proqramın əsas layihələrindən biri olan Samsun İstehsal Müəssisəsi ilk mərhələdə MK seriyalı məhsulların istehsalı üçün 4 milyon kvadratmetr ərazidə qurulur.
Müəssisənin yaradılması prosesi 2024-cü il dekabrın 10-da MKE-nin baş direktoru İlhami Keleş, Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan və MKE nümayəndə heyətinin Samsun valisi Orxan Tavlı ilə keçirdiyi ilk görüşdən sonra başlanıb. Müəssisənin 2026-cı ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.
Açıqlamada vurğulanıb ki, MKE tarixindən aldığı güc və milli missiya anlayışı ilə fəaliyyətini davam etdirir. Samsunda həyata keçirilən bu investisiyanın Türkiyənin müdafiə sənayesində istehsal potensialını gücləndirəcəyi qeyd olunub.
Bildirilib ki, layihənin inkişaf edən sənayesi, gənc işçi qüvvəsi və istehsal, məşğulluq, ixrac yönümlü inkişaf strategiyası ilə seçilən Samsun şəhərinə də mühüm töhfə verməsi gözlənilir.
Quraşdırma işləri yerində də yoxlanılıb. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 2026-cı il iyunun 11-də Samsuna səfəri çərçivəsində vali Orxan Tavlı, parlamentin Plan və Büdcə Komissiyasının sədri Mehmet Muş, MHP sədrinin müavini İlyas Topsakal, millət vəkilləri Çiğdem Karaaslan, Ersan Aksu, Orhan Kırcalı, Yusuf Ziya Yılmaz, Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan, AK Partiya İl sədri Mehmet Köse və MHP İl sədri Burhan Mucur ilə birlikdə müəssisədə aparılan işlərlə tanış olub. O, MKE-nin baş direktoru İlhami Keleşdən son vəziyyət barədə məlumat alıb.
Açıqlamada vurğulanıb ki, investisiyanın Samsunun istehsal, məşğulluq və ixrac yönümlü inkişaf strategiyasına mühüm töhfə verməsi gözlənilir və müəssisənin həm şəhər, həm də Türkiyənin müdafiə sənayesi üçün uğurlu olması arzu edilib.
Bununla yanaşı, investisiyanın Samsuna qazandırılmasına dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Milli Müdafiə Nazirliyinə, aidiyyəti dövlət qurumlarına, millət vəkillərinə, Böyükşəhər Bələdiyyəsinə, MKE rəhbərliyinə və layihədə əməyi olan hər kəsə təşəkkür edilib.
Sevinc Əliyeva
Ordu.az