180 avroparlamentari “Suveren Millətlər Avropası” birliyinin fəaliyyətinin araşdırılmasını tələb edib

2026/06/1782152050.jpg
Oxunub: 217     19:31     29 İyun 2026    
Avropa Parlamentinin 180-dən çox üzvü Almaniyanın “Almaniya üçün Alternativ” partiyası ilə əlaqəli “Suveren Millətlər Avropası” fraksiyalararası birliyinin fəaliyyətinin rəsmi şəkildə araşdırılmasını tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri parlamentarilərin bəyanat layihəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqının Avropa siyasi partiyaları və siyasi fondları üzrə qurumu (APPF) daha əvvəl Avropa institutlarına hesabat göndərərək birlik nümayəndələrinin Avropa İttifaqı müqavilələrinin əsas müddəalarını pozmuş ola biləcəyini göstərən əlamətləri qeyd edib.

Sosial-demokratlar, solçular, yaşıllar və liberalları təmsil edən 181 avroparlamentari rəsmi araşdırmanın başlanmasını tələb edən müraciət hazırlayıb. “Der Spiegel”in məlumatına görə, təşəbbüsü bəzi sağ mərkəzçi siyasi qüvvələr də dəstəkləyir. Bu səbəbdən onun Avropa Parlamentində qəbul edilmə ehtimalı yüksək qiymətləndirilir.

Qaydaların pozulması təsdiqlənərsə, birlik Avropa siyasi partiyası statusundan məhrum edilə bilər. Bu isə onun Avropa İttifaqı büdcəsindən maliyyələşmə almaq hüququnu itirməsi deməkdir. Nəşrin qiymətləndirməsinə görə, söhbət hər il bir neçə milyon avro həcmində maliyyənin itirilməsindən gedir.

APPF-nin hesabatında mümkün pozuntular sırasında 2024-cü ildə Sofiyada Avropa Komissiyasının nümayəndəliyinin binasının yandırılması və etiraz aksiyaları ilə əlaqələr, həmçinin ayrı-seçkilik xarakteri daşıya biləcək və ya nasist rejiminin cinayətlərini şübhə altına alan bəyanatlar və materiallar da qeyd olunur.

“Yaşıllar” Partiyasından Avropa Parlamentinin üzvü Daniel Froynd bildirib ki, məsələ Avropa İttifaqının fundamental dəyərlərinin pozulması ilə bağlıdır və müəyyən olunmuş qaydalara əməl etməyən siyasi qüvvələrin maliyyələşdirilməsinin dayandırılması zəruridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Parlamenti   Suveren-Millətlər-Avropası  


Bizi "telegram"da izləyin