Ordu.az xəbər verir ki, bunu beynəlxalq və enerji məsələləri üzrə erməni ekspert Armen Manvelyan deyib.
“Biz eyni işi İran və Gürcüstanla etmişik və əlavə belə bir sinxronizasiyaya ehtiyac yoxdur”, - deyə o qeyd edib.
Erməni ekspertin sözlərinə görə, əslində məsələ ondan ibarətdir ki, həm Qərb, həm Avropa İttifaqı, həm də Azərbaycan və Türkiyə Ermənistanın Atom Elektrik Stansiyasının bağlanmasını tələb edir.
O qeyd edib ki, atom stansiyasının bağlanması isə ciddi nəticələrlə müşayiət olunan elektrik enerjisi çatışmazlığı yarada bilər.
“Bu səbəbdən tərəflər arasında belə bir razılaşma formalaşır ki, bunun əvəzində Azərbaycan və Türkiyə Ermənistana elektrik enerjisi verəcək. Yəni Ermənistan elektrik enerjisi idxal edən ölkəyə çevriləcək, Türkiyə və Azərbaycandan asılı vəziyyətə düşəcək və nəticədə enerji təhlükəsizliyimiz onların xoş niyyətindən asılı olacaq, ya elektrik enerjimiz olacaq, ya da olmayacaq”, - deyə Manvelyan bildirib.
Manvelyan vurğulayıb ki, əslində Ermənistanın elektrik enerjisi üzrə artıq ehtiyatı var və o, ixrac edə bilər.
Bu arada, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan jurnalistlərlə söhbətində bildirib: “Türkiyənin energetika naziri ilə Ermənistan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsi məsələsini müzakirə etmişik”.
Təhlükəsizlik riskləri ilə bağlı sualı cavablandıran erməni nazir qeyd edib: “Ermənistanın enerji sistemi artıq İran və Gürcüstanın enerji sistemlərinə qoşulub, biz bu ölkələrlə həm idxal, həm də ixrac edirik. Eyni modeli Türkiyə ilə də tətbiq etməyi planlaşdırırıq”.
Alpər Mövludoğlu
Ordu.az