Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants deyib.
Onun qiymətləndirməsinə görə, Nikol Paşinyan “panika içindədir”, çünki ona təqdim olunan qapalı sosioloji sorğuların nəticələrinə görə, partiyasının növbəti seçkilərdə darmadağın edilməsi demək olar ki, qaçılmazdır.
Erməni politoloqun sözlərinə görə, Nikol Paşinyan adını çəkdiyi üç müxalif qüvvənin, yəni Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan”, Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku və ya Qaqik Tsarukyanın ətrafında birləşdiyi “Ermənistana Təklif” təşəbbüsünün proqram və ya bəyanatlarında müharibə riski daşıyan tək bir fakt belə göstərə bilməz.
“Mən öz qüvvəmizin adından deyə bilərəm ki, biz heç vaxt hakimiyyətə gələcəyimiz təqdirdə ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən imtina edəcəyimizi deməmişik. Bəli, həm 10 noyabr sənədində, həm də xüsusilə TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsində ürəyimizcə olmayan bəndlər çoxdur, lakin biz bu sənədlərin ləğvini deyil, mövcud imkanlardan istifadə edərək onların təkmilləşdirilməsini təklif etmişik”, - deyə Surenyants qeyd edib.
Erməni politoloq bildirib ki, əgər sülh cəmi bir daxili siyasi hadisə (seçki) səbəbindən təhlükəyə düşə bilərsə, deməli, Paşinyanın “sülh dönməzdir” təbliğatı bir sabun köpüyü kimi partlayır.
Surenyantsın fikrincə, Paşinyan müxalifəti “müharibə partiyası” adlandırarkən əslində müharibədən əvvəlki öz obrazını təsvir edir.
Surenyants vurğulayıb ki, Paşinyanın müxalifəti hədəf almasının üç səbəbi var: müxalifəti süni şəkildə eyni səbətə qoyaraq dövlət orqanlarına repressiya üçün “yaşıl işıq” yandırmaq, “Moldova ssenarisini” tətbiq etməyə çalışmaq, panikaya düşmək.
“Çünki o, qapalı sorğularda özünün məğlub olacağını görür”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az