Erməni ekspert: “O qədər “duxlu” baş nazirsənsə, ad çək, de: “Putin, niyə bizi müstəmləkəyə çevirirsən?”

2026/03/1774609354.jpg
Oxunub: 337     11:56     28 Mart 2026    
“Nikol Paşinyanın “yeni müharibə” ehtimalı ilə bağlı bəyanatları göstərir ki, biz əslində sülh prosesi ilə deyil, Türkiyə-Azərbaycan tələblərinin yerinə yetirilməsi prosesi ilə üz-üzəyik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “HayaKve” birliyinin üzvü, beynəlxalq münasibətlər üzrə erməni ekspert Menua Soğomonyan Paşinyanın son günlərdəki çıxışlarını şərh edərkən deyib.

“Yəni Paşinyan fəaliyyət qabiliyyətini itirsə və ya, fərz edək ki, infarktdan ölsə, bu o deməkdirmi ki, vəssalam, erməni xalqının yaşamaq şansı yoxdur? Bu, sülhün deyil, Türkiyə-Azərbaycan tandeminin tələblərini itaətkarlıqla yerinə yetirmək prosesinin göstəricisidir”, - deyə o qeyd edib.

Soğomonyanın sözlərinə görə, Paşinyan yeni parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının konstitusion çoxluq əldə etməsinin vacibliyini ona görə vurğulayır ki, yenidən Baş prokuroru, İstintaq Komitəsinin sədrini, Ali Məhkəmə Şurasının üzvlərini təyin edə bilsin, Konstitusiya Məhkəməsində istədiyi dəyişiklikləri etsin və bütün müstəqil dövlət qurumlarını nəzarətində saxlasın.

“HayaKve” təmsilçisi vurğulayır ki, əgər bu baş verərsə, bunlar konstitusion cinayətlər olacaq.

Soğomonyan Paşinyanın müxalif qüvvələrin “yeni sentyabr müharibəsi” hazırladığı barədə proqnozlarına sualla cavab verib: “Bəs kim dedi ki, mütləq müharibə olmalıdır? Əgər səmimidirsə, təbii ki, onu səmimi adam hesab etmək olmaz, onda daha ətraflı danışmalıdır. Deyir ki, hətta ayını da bilir, sentyabrda olacaq. Bəlkə gününü də bilir? Əgər sentyabrda müharibə olacağını bilirsə, deməli, kimsə ona bu barədə deyib. Bunu deyən ya Ankaradan, ya da Bakıdan olmalıdır. Əgər belə bir şey deyiblərsə, qoy xalqa açıqlasın ki, bunu kim deyib. Axı o deyir ki, “mən xarici siyasəti canlı yayımda idarə edərəm, xalqdan heç nə gizlətmirəm”. İndi qoy çıxıb desin ki, Ərdoğan mənə deyib: “Konstitusiyada Müstəqillik Bəyannaməsi və kilsənin rolu ilə bağlı dəyişiklik olmasa, müharibə olacaq”. Bu “əgər”ləri, bu istəkləri konkret sadalasın”.

Paşinyan və Putin arasında martın 23-də baş tutan telefon danışığına toxunan Soğomonyan hesab edir ki, bu hakimiyyətin həyata keçirdiyi anti-Rusiya siyasəti sadəcə bir şoudur.

“Məsələn, Putinə, Makrona və ya daim “God bless you” dediyi Trampa müraciət edibmi? O qədər “duxlu” Baş nazirsənsə, KTMT-dən çıx, rus hərbi bazasını çıxartdır. “Müstəmləkələşmə”dən danışırsan, hamıya barmaq silkələyirsən. Bir dövlətin adını çək. Daha doğrusu, bir prezidentin adını çək. Əgər Rusiya bizi müstəmləkə kimi saxlayırsa, de bunu. Bu müstəmləkəçiliyin başında 26 ildir kim dayanıb? Vladimir Putin? De o zaman Putinə: “Putin, niyə bizi müstəmləkəyə çevirirsən?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Soğomonyan  


Bizi "telegram"da izləyin