Rusiyalı analitik: “İran Qərb tərəfindən nə qədər çox təzyiqə məruz qalırsa, Ermənistanla bağlı məsələlərdə bir o qədər həssas olur”

2026/03/1774598380.jpg
Oxunub: 393     10:30     28 Mart 2026    
“İranın tələbləri maksimalist görünsə də, onların aydın məntiqi var”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, İran ABŞ-nin ultimatumlarını qəbul etməyə hazır deyil və müharibə onu belə bir məcburiyyət qarşısında qoymayıb.

“ABŞ-nin təklif etdiyi şərtlər Tehranda “kapitulyasiya” kimi qəbul olunur. Raket və nüvə imkanları olmadan İran özünü həssas hesab edir. İran regionda müqavimət oxunu və iqtisadi rıçaqları qorumağa çalışır. Hörmüz boğazına tam nəzarət tələbi İranın qlobal enerji bazarına qarşı əsas “kozırıdır”. Bu, genişmiqyaslı müharibənin dünya iqtisadiyyatını iflic edə biləcəyinə dair mesajdır.

İranda ABŞ-nin danışıqlar təkliflərinə etimad yoxdur və son hadisələrdən sonra bu təkliflərin asanlıqla qəbul edilməsi mümkün deyil. İran ciddi itkilərə baxmayaraq müqavimət göstərə bilib. Buna görə də asan razılaşma olmayacaq. ABŞ rəhbərliyi isə vəziyyətə nəzarət etdiyini göstərməyə çalışır, lakin reallıq fərqlidir”, - deyə analitik bildirib.

Xramçixin hesab edir ki, İranla Qərb arasında gərginliyin artması birbaşa Cənubi Qafqaza təsir edir.

“İran üçün Ermənistan üzərindən keçən yol həyati əhəmiyyətli dəhlizə çevrilir. İran nə qədər çox təcrid olunur və ya Qərb tərəfindən təzyiqə məruz qalırsa, Ermənistanla bağlı dəyişikliklərə bir o qədər həssas yanaşır. Tehran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan vermək istəmir. İranın sərt mövqeyi həm də daha yüksək həssaslıq deməkdir. İran genişmiqyaslı müharibəyə cəlb olunarsa, regionda qüvvələr balansı pozula bilər. Türkiyə və Azərbaycan mövqelərini gücləndirə bilər”, - deyə o bildirib.

Analitik əlavə edib ki, yaranmış vəziyyət Ermənistan üçün manevr imkanlarını xeyli məhdudlaşdırır.

“Bir tərəfdən İran mühüm təhlükəsizlik amilidir, digər tərəfdən isə İrana qarşı sanksiyalar və hərbi əməliyyatlar Ermənistanın əsas iqtisadi arteriyalarından birini bağlayır. Bu isə iki sərhədi bağlı olan Ermənistan üçün ciddi faktordur”, - deyə Xramçixin vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xramçixin   Ermənistan   İran  


Bizi "telegram"da izləyin