KİV: Aİ ölkələri Ermənistana hibrid çevik reaksiya qrupunun göndərilməsinə “yaşıl işıq” yandırıb

2025/10/1761476356.jpg
Oxunub: 447     10:40     25 Mart 2026    
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri ötən həftə Ermənistana hibrid təhdidlərə qarşı çevik reaksiya qrupunun göndərilməsinə “yaşıl işıq” yandırıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Brüssel mənbələri məlumat yayıb.

Daha əvvəl məlum olmuşdu ki, iyunun 7-nə planlaşdırılan parlament seçkiləri ərəfəsində hibrid təhdidlərin qarşısını almaq məqsədilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqına məktubla müraciət edib.

Yeni missiyanın 9-14 nəfərdən ibarət olacağı gözlənilir. Onların əsas vəzifəsi xarici informasiya manipulyasiyaları və müdaxilələrlə, eləcə də kibertəhdidlərlə mübarizə aparmaqdır. “Azadlıq” radiosunun əldə etdiyi çevik reaksiya missiyasının bəyanatına görə, Ermənistan intensiv hibrid əməliyyatlarla üzləşir və seçkilər ərəfəsində bu təhdidlərin artacağı ehtimal olunur.

Gözlənilir ki, missiya martın sonu və ya aprelin əvvəlində Ermənistanda yerləşdiriləcək və 10-15 iş günü fəaliyyət göstərəcək.

Qrup hökumətə böhran idarəetməsi, müxtəlif seçki ssenariləri zamanı kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı məsləhətlər verəcək. Missiya həmçinin müvafiq qurumlara seçkilərin qeyri-qanuni maliyyələşdirilməsi hallarının aşkarlanmasında kömək edəcək və ictimaiyyətin seçki proseslərinə xarici müdaxilə ilə bağlı məlumatlılığının artırılmasına dəstək verəcək.

Missiyanın sonunda Brüsselin Ermənistanla bağlı gələcək addımlarını müəyyənləşdirəcək hesabat hazırlanacağı gözlənilir. “Bu, 2023-cü ildə Ermənistan-Azərbaycan sərhəd bölgələrində sabitliyi dəstəkləmək məqsədilə yaradılmış hazırkı Aİ missiyasını əvəz edəcək tamhüquqlu mülki missiyanın yerləşdirilməsini də əhatə edə bilər. Belə bir missiyanın yerləşdirilməsi üçün Aİ-yə üzv 27 ölkənin hamısının yekdil razılığı tələb olunur”, - deyə mənbə bildirir.

“Ermənistan üçün böhran yanaşmasının siyasi çərçivəsi” sənədində nə qeyd olunur?

Bununla paralel olaraq, Avropa Xarici Fəaliyyət Xidməti üzv ölkələrə Ermənistan üçün “Political Framework for a Crisis Approach (PFCA) for Armenia” sənədini təqdim edib. Sənəd “Azadlıq” radiosuna da təqdim olunub.

Sənəddə Aİ-nin xarici siyasət qurumu Ermənistanda Təhlükəsizlik və Müdafiə üzrə Ümumi Siyasət çərçivəsində yeni missiyanın yaradılmasını dəstəkləyir və bildirir ki, Ermənistanla münasibətlərin inkişafı, eləcə də ölkənin xarici müdaxilələrdən uzaqlaşması Aİ üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan mövcud alətlər və hazırkı missiyanın mərhələli şəkildə azaldılması fonunda yeni missiyanın imkanlarının nəzərdən keçirilməsi məqsədəuyğun hesab olunur.

Sənəddə həmçinin qeyd edilir ki, Brüsselin Ermənistandakı əsas rəqibi Rusiyadır. Moskva Ermənistanın Aİ-yə doğru “tədrici yönəlməsi” fonunda onun iqtisadi asılılığından və regiondakı təhlükəsizlik mühitinin həssaslığından istifadə edir. Rusiyanın mümkün destabilizasiya vasitələri kimi qaz qiymətlərinin artırılması, bəzi məhsullar üzrə ticarətin azalması, dezinformasiya kampaniyaları və psixoloji təsir əməliyyatları göstərilir.

Hesabata görə, Ermənistan son illərdə Aİ-yə yaxınlaşsa da, o cümlədən viza liberallaşdırılması və gələcəkdə üzvlük ümidləri fonunda, hələ də təhlükəsizlik, iqtisadiyyat və energetika sahələrində Moskva ilə sıx bağlı qalır.

Sənəddə xüsusi vurğulanır ki, Ermənistanda Rusiya hərbi bazası yerləşir, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri isə Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində patrul xidməti həyata keçirir. Bundan əlavə, Rusiya şirkətləri ölkənin qaz, dəmir yolu və telekommunikasiya infrastrukturunun əsas hissəsini nəzarətdə saxlayır ki, bu da Moskvanın təsirinin hələ də yüksək olduğunu göstərir.

Eyni zamanda sənəddə qeyd olunur ki, əgər Aİ Ermənistanla bağlı fəaliyyətini gücləndirməsə, regiondakı əsas proseslərə təsiri azalacaq, bu isə həm sülh razılaşmalarının icrasına, həm də Ermənistanın təhlükəsizlik islahatlarına və strateji istiqamətinə mənfi təsir göstərə bilər. Həmçinin vurğulanır ki, siyasi bəyanatlar real addımlarla müşayiət olunmasa, Rusiya vəziyyətdən istifadə edərək Aİ-nin regionda təsirini zəiflədə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin