KİV: Paşinyanın partiyası dövlət sisteminə seçki rüşvəti verir, yeni mükafatlar paylanıb

2026/03/1774332497.jpg
Oxunub: 370     10:05     24 Mart 2026    
“Dövlət idarəetmə sisteminin yuxarı təbəqəsi yenidən mükafatlar alıb, lakin bu dəfə daha “idarəolunan” formatda olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Nikol Paşinyan rəhbərlik etdiyi hakimiyyət iri mükafatların verilməsi yanaşmasını dəyişərək onları aylıq ödənişlərə bölüb ki, ilin sonunda yenidən qalmaqal və narazılıq dalğası yaranmasın.

“Belə ki, əvvəl məlum olmuşdu ki, yüksək vəzifəli şəxslər 3 milyondan 11 milyon drama qədər mükafat alıblar”, - deyə KİV bildirib.

Nəşrin parlamentdəki mənbələrinin məlumatına görə, Ermənistan parlamentinin deputatları mart ayı üçün təxminən 670 min dram mükafat alıblar.

“Parlament aparatının əməkdaşlarının böyük hissəsi isə 40 mindən 400 min drama qədər əlavə ödəniş alıb.

İcra hakimiyyəti sistemində isə mükafatların məbləği daha yüksəkdir: nazir, nazir müavini, idarə və şöbə rəisləri üçün bu məbləğlər aylıq 3 milyon dramdan başlayır.

“Joğovurd” qəzeti həmçinin öyrənib ki, yüksək vəzifəli şəxslər maaşla yanaşı hər ay bu cür iri mükafatlar alacaqlar. Bu, maaşın tərkib hissəsi kimi təqdim edilir, lakin layihə yalnız ilin ikinci yarısına, seçkilərə, yəni iyuna qədər qüvvədədir. Bu isə dövlət sistemi üçün bir növ seçki rüşvəti kimi qiymətləndirilir.

Xatırladaq ki, Ermənistan hökumətinin 2026-cı il martın 12-də keçirilən iclasında 2025-ci ilin ikinci yarısı üçün daha 4,6 milyard dramlıq layihə, “Dövlət idarəetmə sisteminin ayrı-ayrı orqanlarının fəaliyyətinin qiymətləndirilməsi və bunun əsasında təşviq” təsdiqlənib. Nikol Paşinyan bu milyardlarla dramlıq mükafatların verilməsini dövlətin davamlılığı gündəminə uyğun qərar adlandırıb və bildirib ki, “bu sistem Ermənistan vətəndaşlarına nəticə verir”, - deyə nəşr qeyd edib.

KİV-in məlumatına görə, diqqət çəkən məqam odur ki, belə böyük mükafatlar sosial vəziyyəti kifayət qədər ağır olan ölkədə dövlət büdcəsi hesabına verilir.

“Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 2024-cü ildə 21,7% təşkil edib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan 2025-ci ilin sonunda təxminən 2 milyon dram maaşdan əlavə 12 milyon dram mükafat almışdı”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin