XİN: Ermənistan və Aİ arasında viza liberallaşdırılması prosesinin başa çatması ilə bağlı konkret müddət yoxdur

2025/10/1759763828.jpg
Oxunub: 454     18:42     23 Mart 2026    
“Hazırda Ermənistan ilə Avropa İttifaqı arasında viza liberallaşdırılması prosesinin başa çatması ilə bağlı hər hansı konkret müddət müəyyən edilməyib”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyasının iclasında Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci il üzrə icrasının gedişi və nəticələrinə dair hesabatın təqdimatı zamanı xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

O, bu açıqlamanı müxalif “Hayastan” fraksiyasının deputatı Armen Gevorqyanın sualını cavablandırarkən verib.

Bununla belə, erməni nazir müavininin sözlərinə görə, proses kifayət qədər sürətlə irəliləyir.

“Biz fəaliyyət planını ötən ilin noyabr ayında almışıq. İşlərin gedişi ilə bağlı ilk hesabatın, düşünürəm ki, yaxın 1-2 ay ərzində dərc olunması gözlənilir”, - deyə Kostanyan bildirib.

Onun fikrincə, digər ölkələrlə müqayisədə bu proses Ermənistan üçün nisbətən daha sürətlə gedir.

Kostanyan həmçinin vurğulayıb ki, hazırda Avropa İttifaqının viza liberallaşdırılması prosesi apardığı yeganə ölkə Ermənistandır.

Erməni diplomat Ermənistanın islahat aparmalı olduğu əsas istiqamətləri də qeyd edib. Bunlar miqrasiya siyasəti, insan hüquqlarının qorunması və sərhəd nəzarətinin kompleks sisteminin tətbiqidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN  


Bizi "telegram"da izləyin