Erməni politoloq: “Hazırda Aİ Ermənistanda daxili siyasi oyunçuya çevrilib və ölkənin daxili siyasi proseslərinə ciddi təsir göstərir”

2026/03/1773851487.jpg
Oxunub: 317     15:17     24 Mart 2026    
Ermənistanın müraciəti əsasında Avropa İttifaqı seçkilər zamanı demokratiyanı qorumaq məqsədilə ölkəyə çevik reaksiya qrupu göndərəcək. Bu barədə daha əvvəl yayılan məlumatı Aİ-nin yüksək nümayəndəsi Kaya Kallas təsdiqləyib.

“Biz Ermənistanı xarici müdaxiləyə qarşı mübarizədə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya arxalana bilər”, - deyə diplomatın sözlərini onun rəhbərlik etdiyi qurum sitat gətirib.

Kallas hələ dekabr ayında bildirmişdi ki, Avropa İttifaqı 2026-cı il parlament seçkiləri zamanı üçüncü tərəflərin müdaxilə cəhdlərinə və “hibrid təhdidlərə” qarşı mübarizədə Ermənistana kömək edəcək. O qeyd etmişdi ki, bunun üçün Aİ 15 milyon avro vəsait ayırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, erməni politoloq Hrant Mikayelyan mövzunu şərh edib.

Mikayelyan bildirib ki, “müdaxilələrə” qarşı mübarizə adı altında göstərilən bu “dəstək” əslində birbaşa müdaxilədir.

“Bu, birmənalı şəkildə müdaxilədir və əlbəttə, müdaxilə edənlər bunu müdaxiləyə qarşı mübarizə kimi təqdim etməlidirlər. Bu, bizim yaşadığımız Orvelvari reallıqdır, burada müharibə sülh, xarici müdaxilə isə müdaxiləyə qarşı mübarizə kimi göstərilir.

Fakt ondan ibarətdir ki, Brüssel artıq Ermənistanın daxili siyasətinə ciddi şəkildə qarışıb və bu, sadəcə növbəti addımdır. Bundan əlavə, təxminən bir ay yarımdan sonra Avropa siyasi birliyi Ermənistanda toplaşacaq, ardınca isə ehtimal ki, Ermənistan-Aİ sammiti keçiriləcək. Bunu başqa cür deyil, Paşinyan üçün seçkiqabağı kampaniya kimi qiymətləndirmək olar”, - deyə o qeyd edib.

Erməni politoloq xatırladıb ki, bu, Brüsselin mövcud hakimiyyətə və “demokratiyaya” dəstək verdiyi ilk hal deyil və Ermənistanda baş verən bütün repressiyalar faktiki olaraq Brüsselin razılığı ilə həyata keçirilir.

Erməni ekspert nümunə kimi Moldova və Ukraynadakı vəziyyəti göstərib.

Mikayelyan bildirib ki, Brüsselin təsirinə qarşı müqavimət göstərmək mümkün olan nümunələr də var.

“Bu, Gürcüstan təcrübəsidir. Brüssel əlbəttə ki, tək deyildi, London və Vaşinqtonla birlikdə küçə yolu ilə çevriliş etməyə çalışdı. ABŞ-də yeni hakimiyyətə gələn qüvvələr hətta təsdiqlədilər ki, ABŞ dövlət vəsaiti ilə maliyyələşən USAID də həmin anti-hökumət fəaliyyətində iştirak edib.

Lakin Gürcüstanda hakimiyyət bu təzyiqlərə qarşı dura bildi. Bununla belə, müxalifət üçün vəziyyət daha mürəkkəbdir”, - deyə o qeyd edib.

Mikayelyan vurğulayıb ki, hazırda Aİ Ermənistanda daxili siyasi oyunçuya çevrilib və ölkənin daxili siyasi proseslərinə ciddi təsir göstərir.

“Buna baxmayaraq, bir sıra sorğular göstərir ki, müxalifət qalib gələ bilər və deməli, bunun üçün imkanlar mövcuddur”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayelyan   Ermənistan  


Bizi "telegram"da izləyin