Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının dosenti, erməni beynəlxalq münasibətlər üzrə ekspert Nubar Çalımyan deyib.
“Demək istəyirəm ki, onlar müharibənin bu qədər uzanacağını və ya dərinləşəcəyini hesablamamışdılar. İlk növbədə, məncə, ABŞ hərbi əməliyyatların bu qədər uzun çəkəcəyini gözləmirdi. İsrail də İran tərəfinin ABŞ-İsrail raket zərbələrinə bu səviyyədə müqavimət göstərəcəyini düşünmürdü. İran da güclü iki dövlətin qısa müddətdə ölkəyə bu qədər zərbə endirəcəyini gözləmirdi. Biz hələ bu dağıntıların bütün detalları barədə məlumatlı deyilik, lakin İran ciddi zərər görüb və hər gün də görməkdə davam edir”, - deyə Çalımyan bildirib.
Türkiyənin mövqeyinə toxunan erməni ekspert qeyd edib ki, Ankara daha ehtiyatlı və hesablanmış addımlar ataraq münaqişəyə qoşulmayacağını göstərir.
“Türkiyə üçün qonşu İranda baş verən hərbi əməliyyatlar sərfəli deyil. Bu kontekstdə Türkiyə ilə İsrail arasında münasibətlərdəki ziddiyyətlərin də artdığını unutmaq olmaz.
Türkiyə üçün İranın Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını, istər Suriya, İraq, Küveyt, istərsə də Birləşmiş Ərəb Əmirliklərindəki bazaları vurması sərfəli deyil. Ümumiyyətlə, regionda müharibənin genişlənməsi Türkiyənin maraqlarına uyğun deyil. Eyni zamanda, İranın tam məğlub edilməsi də Ankaraya sərf etmir. Digər tərəfdən isə, əgər ABŞ və İsrail İran məsələsini tam şəkildə həll etsələr, bu iki ölkənin hədəflərindən biri olan rejimi dəyişsələr, o zaman Türkiyə regionda böyük rol oynayan, belə demək mümkündürsə, nəzarətçi qüvvəyə çevrilə bilər”, - deyə o vurğulayıb.
Erməni ekspert qeyd edib ki, hazırda ABŞ İranda islam rejiminin dəyişdirilməsi barədə İsrail qədər açıq danışmır, lakin İsrail bu məsələdə daha sərt mövqe tutur.
Onun sözlərinə görə, İsrail üçün əsas məsələ İranda hakimiyyətin dəyişdirilməsidir, çünki mövcud rejim qaldığı təqdirdə, hətta daha yumşaq formada olsa belə, İran İsrail üçün yenə də düşmən olaraq qalacaq.
“ABŞ-nin hesablamalarının səhv olduğu o zaman aydın oldu ki, onlar bu məsələnin çox tez həll olunacağını iddia edirdilər.
ABŞ tədricən Avropanı da müharibəyə cəlb etməyə çalışır. Trampın kəskin çıxışlarından eşidirik ki, Avropa ona kömək etməlidir ki, Hörmüz boğazından neft daşımaları maneəsiz həyata keçirilsin və s. Lakin Avropa ölkələrinin hamısı bu çağırışlara müsbət yanaşmır. Hazırda ABŞ bir tərəfdən bu mürəkkəb vəziyyətə düşüb, digər tərəfdən isə İsrail İran şəhərlərinə zərbələri daha da gücləndirir”, - deyə o bildirib.
Erməni ekspertin sözlərinə görə, İran da bu vəziyyətdə tək qalmalı olacaq, çünki o, ABŞ və İsrailə qarşı açıq mübarizəyə başlayıb və ABŞ Prezidenti də İranla danışıqlara getmək niyyətində deyil.
“Trampın məqsədi odur ki, İranda rejim xarici müdaxilə ilə deyil, daxili qüvvələrin təsiri ilə dəyişsin. Lakin biz hələlik bunun baş verdiyini görmürük”, - deyə Çalımyan vurğulayıb.
Ermənistan üçün mümkün risklərə toxunan erməni ekspert qeyd edib ki, ölkə hazırda “müsbət neytrallıq” siyasəti yürüdür və bu, passiv mövqe deyil.
“Ermənistan İranın ali dini liderinin öldürülməsi ilə bağlı başsağlığı verib, nümayəndəsi səfirlikdə matəm kitabına qeyd yazıb. Yəni, ölkə passiv müşahidəçi deyil.
Bizim məqsədimiz hansısa rejimi dəstəkləmək deyil, İran xalqı ilə yaxşı qonşuluq münasibətlərini qorumaqdır. Siyasətimizi fərdlərə və rejimlərə bağlamamalıyıq, xalqlar arasında dostluğu gücləndirməliyik. Bu gün Ermənistanın xarici aləmə çıxışı baxımından İran mühüm rol oynayır”, - deyə Çalımyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az