Ordu.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert David Camalyan bildirib.
Erməni ekspert hazırkı hərbi-siyasi vəziyyəti 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki dövrlə müqayisə edib.
“Xatırlayırsınızmı, 2018-ci ildə bu fəlakət başımıza gəlməzdən əvvəl azərbaycanlılar Naxçıvan istiqamətində təlimlər keçirirdilər, Arazdəyən-Arpa hissəsində neytral zonanı daraltdılar və xeyli irəlilədilər, sonra isə sanki hər şey sakitləşdi, sülh fonu yarandı və nəticədə 44 günlük müharibə başladı. İndi də yenə böyük fəlakət öncəsi müvəqqəti fasilədir ki, Britaniya-Türkiyə-Azərbaycan tandemi öz hakimiyyətini Ermənistanda yenidən təmin edə bilsin və bu saxta sülh illüziyası işləsin”, - deyə o bildirib.
Erməni ekspert vurğulayıb ki, yeni hərbi toqquşma ehtimalı yüksəkdir və bu, əgər Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya bilsə, daha çox iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra baş verə bilər.
Camalyan qeyd edib ki, Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, təkcə Azərbaycan deyil, həm də Türkiyə, Böyük Britaniya, Avropa İttifaqı və Tramp administrasiyası Ermənistanda 300 min azərbaycanlının yerləşdirilməsi planını həyata keçirmək niyyətindədir və paralel olaraq Azərbaycan TRIPP (Zəngəzur dəhlizi-red.) çərçivəsində dəhliz əldə etməyə çalışır.
Erməni ekspert bildirib ki, Ermənistan üçün güclü müttəfiqin olması həyati əhəmiyyət daşıyır və Rusiya ilə strateji maraqlar üst-üstə düşür.
Camalyan 2023-cü ilin sentyabrında Qarabağda baş verən hadisələrə də toxunaraq bildirib ki, həmin dövrdə İran və Rusiya Ermənistan vasitəsilə “blokada”nı yarmaq və Qarabağa daxil olmaq üçün yardım təklif edib.
O qeyd edib ki, Tehrandan zəng olub, İran və Rusiya Qarabağa qoşun göndərməyi təklif edib.
“2023-cü il sentyabrın 19-da Tehrandan zəng olub və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə Ermənistana təklif edilib ki, onun ərazisi baza kimi istifadə olunsun və Qarabağda vəziyyət sabitləşdirilsin. Bu o demək idi ki, müəyyən qüvvələr İrandan Ermənistan ərazisinə daxil olub “blokada”nı yararaq Qarabağa çatmalı idi. Lakin Təhlükəsizlik Şurası bu təklifə müdaxilə etməmək qərarı verdi”, - deyə erməni ekspert bildirib.
Onun sözlərinə görə, bu zəng Tehrandan iki dəfə, həm günorta, həm də axşam saatlarında edilib və Paşinyan da sonradan bu faktı təsdiqləyərək Ermənistanın müharibəyə cəlb etmək istənildiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az