Ermənistanın ilk XİN rəhbəri: “Quberniya” deyirdik, indi Türkiyə-Azərbaycan vilayətinə çevrilmək ərəfəsindəyik”

2026/03/1773816967.jpg
Oxunub: 386     14:29     24 Mart 2026    
“Ermənistan Türkiyə-Azərbaycan vilayətinə çevrilmək ərəfəsindədir. Son illərin “sürünən” prosesləri ona gətirib çıxarıb ki, Ermənistan artıq suveren subyekt kimi demək olar ki, mövcud deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “İrs” partiyasının qurucusu, ölkənin ilk xarici işlər naziri Raffi Hovannisyan deyib.

“Beynəlxalq tribunalardan deyilənlər suveren Ermənistan nümayəndəsinin sözü deyil, artıq obyekt halına gəlmiş Ermənistan vilayətinin hansısa rəhbərinin sözləridir. Son illərdə, aylarda və hər keçən gün yaşadığımız bu dəyişiklik bizi həqiqətən də ekzistensial kimlik, suverenlik və dövlətçilik həyəcanı içində yaşamağa sövq edir”, - deyə Hovannisyan qeyd edib.

“İrs” liderinin sözlərinə görə, regional və beynəlxalq inkişaflar elə bir həddədir ki, bir çox hadisələr, müharibə, hərbi əməliyyatlar və geosiyasi dəyişikliklər artıq Ermənistan ətrafında cərəyan edir.

“Hesab edirəm ki, ilk növbədə erməni insanının, Ermənistan vətəndaşının ekzistensial problemi və dövlətçiliyimizin varlığı məsələsi dayanır. Vaxtilə “quberniya, quberniya” deyirdik, indi isə həqiqətən də, “vilayət” deməyim, amma Türkiyə-Azərbaycan əyalətinə çevrilmək ərəfəsindəyik”, - deyə Hovannisyan qeyd edib.

Erməni siyasi xadimin fikrincə, erməni milli kimliyi, yaddaşı və tarixi olmadan dövlət olaraq güclü və özünəinamlı gələcək gözləmək olmaz.

“Mövcud hakimiyyətin dəyərlərimizi, milli rəmzlərimizi və keçdiyimiz yolu ayaqlar altına atması Ermənistanı uçurumun kənarına gətirib. Biz ya bununla barışmalıyıq, ya da yaxın həftələr və aylar ərzində hər şeyi dəyişməliyik.

Bu dəyişikliyin yollarından biri qarşıdan gələn parlament seçkiləridir, lakin digər konstitusion üsullar da mövcuddur.

Ermənistanın xilasını təmin etmək üçün deyil, ən azından erməni xalqının nəfəs alması, islahat aparması və gələcəyə baxması üçün bütün qanuni vasitələrdən istifadə edilməlidir. Nəhayət, elə dövlət nümayəndələrimiz olmalıdır ki, onlar dünyanın qarşısında özünəinamlı olsunlar və erməni insanının, dövlətinin və millətinin hüquqlarını müdafiə etsinlər. Biz bütün mümkün hüquqlarımızı qurban vermişik, imtina etmişik. Hakimiyyətin ritorikasında erməni hüququndan bəhs edən heç bir ifadə yoxdur”, - deyə Hovannisyan qeyd edib.

Nikol Paşinyanın Konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaq cəhdini “müharibə səbəbi” kimi əsaslandırmasına münasibət bildirən Hovannisyan vurğulayıb ki, Müstəqillik Bəyannaməsi Konstitusiyanın dəyişməz hissəsidir.

“Mən onları şərh etməyəcəyəm. Onlar qonşu ölkələrin mövqelərini tədricən həyata keçirməyə gəliblər. Onların Ermənistanın maraqlarından, dövlətçilikdən, suverenlikdən, ərazi bütövlüyündən danışmağa cəsarətləri çatmadı. Müxtəlif xəritələr çəkdilər, amma sonda qarşı tərəfin bütün ilkin şərtlərini və tələblərini yerinə yetirməyə başladılar. Müstəqillik Bəyannaməsi bizim milli hüquqlarımızın bir hissəsidir və Konstitusiyanın dəyişməz hissəsi olduğu üçün dəyişdirilə bilməz.

Əgər ölkəmizdə hüquqi nizam varsa, bu sənəd dəyişdirilə bilməz. Lakin onların hansısa hiylə ilə bunu bir zərurət kimi təqdim etmələrinə təəccüblənməməliyik. Qoy islahat olsun, xalqın qəbul etdiyi Konstitusiya olsun, amma milli maraqlarımız, hüquqlarımız və dəyərlərimiz hesabına yox. Onlar elə bilirlər ki, yeni tarix yazırlar, amma əslində onlar Ermənistanın deyil, Azərbaycanın tərkibindəki İrəvan vilayətinin tarixini yazırlar”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovannisyan  


Bizi "telegram"da izləyin