Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Xarici Kəşfiyyat Xidmətinin açıqlaması suallar doğurur” başlıqlı məqaləsində yazıb.
Açıqlamada deyilir ki, “başqa bir ölkədə həmin dövlətin xüsusi xidmət orqanlarının adından çıxış edən müxtəlif aktorlar, həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olan erməni əsilli və Ermənistan vətəndaşı olan şəxslərə təzyiq göstərməyə çalışırlar”.
Bəyanatda qeyd olunur ki, həmin şəxslər Ermənistanda gözlənilən parlament seçkilərində iştirak üçün müraciət etmiş bəzi siyasi qüvvələrə dəstək verməyə sövq edilirlər və bu dəstək “maliyyə və təşkilati xarakterli fəaliyyətləri əhatə edir, lakin bununla məhdudlaşmır”.
“Past” yazır ki, bu cür qeyri-müəyyən məzmunlu açıqlamalar vaxtaşırı yayılır və bu, daxili siyasi proseslər fonunda müxtəlif şərhlərə səbəb olur.
“Paşinyan belə bəyanatlarla təkcə Ermənistan vətəndaşlarının fəal iştirakından ehtiyatlandığını göstərmir, eyni zamanda, əvvəlcədən müəyyən siyasi ittihamlar üçün zəmin formalaşdırmağa çalışır”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, bu bəyanat ilk baxışda adi açıqlama təsiri bağışlasa da, əslində, müəyyən siyasi risklər daşıyır.
Alpər Mövludoğlu
Ordu.az