Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, axı o, artan xarici borcun hansı səbəbdən yarandığını hansısa formada sübut etməyə çalışmalıdır.
“Biz dəqiq və təsdiqlənmiş məlumat təqdim edərək yazmışdıq: “Yeri gəlmişkən, məhz bu günlərdə “168.am”a daxil olan məlumatlara görə, Nikol Paşinyanın yeni alınmış silahların nümayişini, hərbi paradını məhz mayın 28-də təşkil etməsi istisna edilmir. Mümkün məkan barədə də məlumat verilib, lakin təhlükəsizlik səbəblərinə görə onu açıqlamırıq. Bu mövzu ilə bağlı Ermənistan Müdafiə Nazirliyindən izahat almağa çalışdıq, lakin məsul şəxslərlə əlaqə yaratmaq mümkün olmadı, buna görə yazılı sorğu göndərdik və cavabı alan kimi təqdim edəcəyik”.
Müdafiə qurumuna ünvanladığımız sual isə konkret idi: Mayın 28-də, üstəlik, Sardarapatda yeni alınmış silahların nümayişi, hərbi paradın keçirilməsi planlaşdırılırmı?”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, fevralın 10-da Ermənistan Müdafiə Nazirliyinin cavab məktubunu dərc edib.
“Məktubda qeyd olunurdu: “Sardarapatda silahların nümayişi, hərbi paradın keçirilməsi ilə bağlı hazırda heç bir müzakirə aparılmır”.
Bu mövzuya həsr olunmuş ikinci məqaləmizdə diqqət çəkmişdik ki, Müdafiə Nazirliyi cavab məktubunda yalnız paradın mümkün keçiriləcəyi yer kimi Sardarapatı qeyd edib, lakin gün, mayın 28-i barədə danışmayıb.
Buna əsaslanaraq belə qənaətə gəlmişdik ki, parlament seçkilərinə bir neçə gün qalmış hər halda yeni alınmış silahların hansısa formatda ictimai nümayişi olacaq. Xüsusilə də nazirlik “hazırda belə müzakirə yoxdur” ifadəsini işlətmişdi. Yəni bunun mümkünlüyü istisna edilməmişdi”, - deyə nəşr bildirib.
KİV-in yazdığına görə, nəhayət, martın 15-də Qafan şəhərində Nikol Paşinyan fevralın əvvəlində “168.am”ın yaydığı məlumatı və bu məsələ ilə bağlı müşahidələri sakinlərlə söhbətində təsdiqləyib. O deyib:
“Silahlarla bağlı çox danışılır, biz də deyirik ki, dövlət borcu niyə artıb? Mən 2-3 ay əvvəl bəyanat vermişdim ki, əldə etdiklərimizi görmək istəyən vətəndaşları aparıb göstərəcəyəm. Artıq bir neçə qrupu dəvət etmişəm, getmişik, lakin insanların sayı o qədər çoxdur ki, belə nəticəyə gəldik, bunu hamıya göstərmək lazımdır, ictimai şəkildə göstərmək lazımdır. Biz düşünürük ki, yaxın vaxtlarda bunu ictimai şəkildə nümayiş etdirək ki, vətəndaşlarımız nədən söhbət getdiyini görsünlər. Biz xalq qarşısında hesabat verəcəyik, bu yəqin ki, may ayında baş verəcək ki, nə etdiyimizi, nə əldə etdiyimizi göstərək. Üstəlik, biz yalnız bizim hakimiyyət dövründə və 2022-ci ildən sonra əldə edilmiş silahları nümayiş etdirəcəyik”.
Nəşr xatırladıb ki, bundan əvvəl Nikol Paşinyan, o cümlədən sıravi vətəndaşların belə təkliflərinə cavab olaraq alınmış müasir silahların hərbi parad formatında nümayiş etdirilməsinə qarşı çıxmışdı.
“Belə fikirlər var ki, bunu etmək lazımdır, elə fikirlər də var ki, müxtəlif səbəblərə görə bunu etmək lazım deyil. Bəli, Azərbaycanda keçirilən hərbi paraddan sonra bu mövzu Ermənistanda da fəallaşıb. Əgər biz noyabrda və ya dekabrda parad təşkil etsəydik, bu, təsirli görünərdi, lakin biz sülh gündəliyinə hazırlaşırıq”, - deyə Paşinyan 2025-ci il noyabrında bildirmişdi.
Onun sözlərinə görə, “yanlış məlumatların yayılmaması” üçün həmin vaxt ayrı-ayrı qruplar üçün qapalı nümayiş təşkil etmək qərarı verilmişdi.
“Lakin əvvəlki məqalələrimizin birində qeyd etdiyimiz kimi, əgər Paşinyan başa düşsə ki, ictimai nümayiş və ya parad hakimiyyəti qorumağa kömək edəcək, Azərbaycan tərəfi ilə müəyyən danışıqların nəticəsində o, buna da gedə bilər. Məlum oldu ki, yanılmamışıq.
Qafan şəhərində son 2-3 ildə alınmış silahların ictimai nümayişinin zəruri olduğunu qeyd edən Paşinyan əlavə edib: “Lakin biz bunu sülhü vurğulayaraq və sülh kontekstində edirik, sülhdür, qonşularımızla gərginlik yoxdur və ümid edirik ki, qonşularımız bunu aqressiya nümayişi kimi qəbul etməyəcəklər”, - deyə məqalədə bildirilib.
KİV yazıb ki yəni bir neçə ay əvvəl sülh gündəliyinin məntiqinə görə silahların nümayişi məqsədəuyğun hesab olunmurdu, indi isə sülh kontekstində bunu etmək mümkündür.
“Bunun səbəbini isə artıq qeyd etdik.
Yeri gəlmişkən, bu ilin fevralında dərc etdiyimiz “Pinaka”dan “Gripen”ə qədər: Ermənistan kartlarını açır, Azərbaycan isə 6,5 milyardlıq qırıcılar alır” başlıqlı məqalədə yazmışdıq ki, Hindistan Silahlı Qüvvələrinin müdafiə qərargah rəisi, general Anil Çauhanın Ermənistana səfəri fonunda Ermənistan və Hindistan istehsalı olan silah nümunələri ictimailəşdiriləndə Azərbaycan buna kifayət qədər yumşaq reaksiya göstərmişdi. Halbuki vaxtilə Azərbaycan hətta Ermənistan ordusunun xüsusi təyinatlı bölmələrinin silahlanma səviyyəsində belə təhlükə görmüşdü.
Belə demək olarmı ki, Paşinyan bu kimi məsələlərdə İlham Əliyevdən şifahi razılıq almağa çalışır? Əks halda, bir neçə ay ərzində silahların ictimai nümayişinin məqsədəuyğun olub-olmaması ilə bağlı yanaşmanın dəyişməsini necə izah etmək olar?
Silah alınmasının əsaslandırılması ilə dövlətin xarici borcunun artmasına gəlincə, bununla bağlı da maraqlı məqamları xatırlatmışdıq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az